12 noyabr 2025-ci il tarixində Siyəzən Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil olunub.
Planetinfo.az xəbər verir ki, tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı, 30 il əvvəl qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti və bu tarixdə Ulu Öndər Heydər Əliyevin rolu xüsusilə vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya, Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına yönəldilən hüquqi əsasları müəyyən edib. Bu sənəd, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunmasını təmin etməklə, ölkəmizin hüquqi və demokratik inkişafının əsasını qoyub.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, Konstitusiyanın qəbulunun Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu bildirib və Ulu Öndər Heydər Əliyevin siyasətinin Azərbaycan xalqı üçün əvəzsiz əhəmiyyət daşıdığını vurğulamışdır. O, həmçinin qeyd edib ki, bu gün Azərbaycanın inkişafı və tərəqqisi, Heydər Əliyevin müəyyən etdiyi yolun davam etdirilməsi ilə mümkün olub.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla da tanış olublar. Mərkəzdəki sərgidə nümayiş olunan fotolar və tarixi materiallar, Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda göstərdiyi müstəsna xidmətləri bir daha xatırladıb.
Tədbirin sonunda iştirakçılar ağacəkmə aksiyasına qoşulublar. Bu aksiyada müxtəlif növ ağaclar əkilib, ekoloji mühitin qorunması və yaşıllıqların artırılması məsələsi diqqətə çatdırılıb.
Nəsimi