Sosial 13-11-2025, 11:25

DGKA-da hibrid təhdidlərə qarşı mübarizə mövzusunda seminar keçirilib

DGKA-da hibrid təhdidlərə qarşı mübarizə mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi çərçivəsində seminar keçirilib.

Akademiyadan Planetinfo.az-a verilən məlumata görə, seminarı giriş sözü ilə açan Akademiyanın "İnformasiya texnologiyaları və texniki elmlər" kafedrasının dosenti Asif Qanbayev mövzunun müasir dövrdə aktuallığından danışaraq, AKTA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu cür tədbirlərin önəmini vurğulayıb.

Layihə rəhbəri h.ü.f.d. Təbriz Cəfərov layihə haqqında məlumat verərək hibrid təhdidlərin informasiya məkanında yaratdığı risklərdən və onlara qarşı mübarizə yollarından bəhs edib.

Daha sonra AKTA eksperti Lalə Kərimova kibertəhlükəsizliyin əsas prinsipləri, transmilli internet korporasiyalarının təhlükəsizlik standartları, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə informasiya təhlükələri haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Nəsimi

Xəbər lenti