Müntəzəm fiziki fəaliyyət beyni yaşa bağlı dəyişikliklərdən qoruya və Alzheimer, demensiya kimi neyrodegenerativ xəstəliklərin riskini azalda bilər.
Bu nəticə Viktoriya Universitetinin alimlərinin apardıqları araşdırmada əldə olunub.
Alimlərin fikrincə, fiziki məşqlər beynin "təmizləmə sistemi" hesab olunan qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır. Bu sistem xüsusilə dərin yuxu zamanı aktiv işləyərək beyində toplanan zərərli maddələrin xaric olunmasına kömək edir.
Araşdırma göstərib ki, müntəzəm aerobik məşqlər arterial təzyiqi və damar sərtliyini azaldır, beyində iltihabı zəiflədir, sinir hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır və dərin yuxunun keyfiyyətini artırır. Mütəxəssislər bildirirlər ki, yaş artdıqca beynin özünü təmizləmə qabiliyyəti zəifləyir, lakin müntəzəm fiziki aktivlik bu prosesi dəstəkləyərək koqnitiv funksiyaların qorunmasına kömək edə bilər.
Tədqiqatın nəticələri “Trends in Neurosciences” jurnalında dərc edilib.