Rusiyada strateji düşünmə qabiliyyəti olsa idi müharibəni indi Trampın təklif etdiyi şərtlərlə müəyyən düzəlişlərlə qəbul edərdi. Tutaq ki, Rusiya bir müddətdən sonra Donbasın tamamını ələ keçirdi və istəyinə nail oldu. Avropa və ABŞ onsuz da bu durumda işğal olunmuş torpaqların legitimliyini qəbul etməyəcək və sanksiyaları götürməyəcək.
Bunu Planetinfo.az-a politoloq, ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Onda Qərb və Ukrayna yenə danışıqlara gedəcəkmi bəlli deyil. Amma təklif olunan şərtlərlə həmin qalan torpaqlar yenə də Rusiyaya verilirdi, sadəcə neytral sahə kimi qalırdı, hansı ki, gec-tez bu torpaqlar da Rusiyanın əlinə keçəcəkdi. Eyni zamanda, ABŞ bu əraziləri Rusiyanın ərazisi kimi tanıyırdı, Avropa da bunu qəbul edirdi öz təhlükəsizlikləri barəsində bəndləri müqaviləyə əlavə etməklə. Dondurulmuş aktivlərin də müəyyən hissəsi geri verilirdi. Ukrayna da bununla razılaşırdı" - politoloq deyib.
O, qeyd edib ki, Putinin bunu qəbul etməməsi onu göstərir ki, müharibənin dayanması ona sərf etmir. Putinin planları ya daha böyükdür, ya da qəti şəkildə Ukrayna hakimiyyəti üzərində qələbə çalmaq istəyir ki, bunu faşizm üzərində qələbə səviyyəsinə qaldırsın və qələbə hekayəsi yaratsın, verdiyi itkilərə haqq qazandırsın. Amma müharibənin Putinin istədiyi kimi başa çatması mümkün deyil. Çünki Ukraynanın əvvəla döyüşmək üçün əksərən iradəsi var, həm də Avropa bundan sonra məcburi şəkildə olsa belə arxasında duracaq. Kənar təzyiqlərlə xalqları məğlubiyyətə sövq etmək olmur. Azərbaycanı da on illər güclü dövlətlər işğalla barışmağa məcbur edirdilər. Nəticə hamıya bəllidir.
Nəsimi