Region 9-12-2025, 09:42

Səfirimiz amerikalı diplomatla görüşüb

Səfirimiz amerikalı diplomatla görüşüb
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinin missiya rəhbərinin müavini Alan S.Pörsel və səfirliyin iqtisadi məsələlər bölməsinin rəhbəri Diana Kosta ilə görüşüb.

Planetinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, A.S.Pörsel və D.Kostanı Azərbaycan Respublikasının Səfirliyində salamlayan diplomat, həmkarlarına Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlər tərəfindən Gürcüstana investisiya qoyuluşu, yerinə yetirilmiş və perspektiv, eləcə də regional əhəmiyyət daşıyan nəhəng layihələr barədə məlumat verib. O, Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda icra olunan iqtisadi layihələrin bütövlükdə Cənubi Qafqazın rifahına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 7-8 avqust tarixlərində ABŞ-a etdiyi səfərin əhəmiyyətindən bəhs edən diplomat, səfərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə ciddi təkan verdiyini söyləyib, o cümlədən səfər çərçivəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı məqsədilə atılmış addımları xüsusi olaraq qeyd edib.

Diplomat Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə söz açmış və bölgədə kommunikasiyaların açılmasının Orta Dəhlizin mövcud potensialına müsbət təsir edəcəyini qeyd edib.

Qəbula görə təşəkkür ifadə edən A.S.Pörsel və D.Kosta, Azərbaycan Respublikasının Səfirliyindəki görüşdən məmnun olduqlarını qeyd edib. Cənubi Qafqaz regionunda Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı münasibətlər barədə verilən məlumata görə səfir F.Quliyevə təşəkkür ifadə edib, Azərbaycan və ABŞ arasındakı münasibətlərdən bəhs edib.

Eyni zamanda, tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Nəsimi

Xəbər lenti