Region 6-01-2026, 08:06

"Baş verənlər təkcə iqtisadi çətinliklərlə bağlı deyil"

"Baş verənlər təkcə iqtisadi çətinliklərlə bağlı deyil"
İranda milli valyutanın ABŞ dolları qarşısında kəskin ucuzlaşması, qızılın sürətlə bahalaşması və inflyasiyanın nəzarətdən çıxması ölkədə sosial-iqtisadi gərginliyi pik həddə çatdırıb. 2025-ci ilin dekabr ayının sonlarından etibarən Tehranda və digər iri şəhərlərdə başlayan etiraz aksiyaları artıq lokal narazılıq mərhələsini keçərək ölkəni növbəti genişmiqyaslı siyasi böhranla üz-üzə qoyub.
Mövcud vəziyyət göstərir ki, baş verənlər təkcə iqtisadi çətinliklərlə bağlı deyil. İranda siyasi böhranın formalaşmasında daxili hakimiyyət qarşıdurması və xarici geosiyasi maraqlar paralel şəkildə təsir göstərir.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, siyasi böhranın daxili əsasını hazırkı prezident, islahatçı qanadı təmsil edən Məsud Pezeşkian ilə səhnə arxasında təsir imkanlarını qoruyan mühafizəkar siyasi-ruhani elita arasında gedən mübarizə təşkil edir. Mühafizəkarlar Pezeşkianın prezident seçilməsini ilk gündən qəbul etməyib və onun legitimliyini faktiki olaraq tanımayıblar.

İslahatçılar İranın həm daxili, həm də xarici siyasətində kardinal dəyişikliklərin tərəfdarıdır. Onlar qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını, Qərblə dialoqun bərpasını və ölkənin beynəlxalq təcriddən çıxarılmasını prioritet hesab edirlər:

"Mühafizəkarlar isə İran İslam Respublikasının mövcud ideoloji, siyasi və təhlükəsizlik kursunun davam etdirilməsində maraqlıdır. Bu iki xətt arasında qarşıdurma getdikcə daha açıq və sərt xarakter almaqdadır ki, bu da dövlət idarəçiliyində parçalanmanı dərinləşdirir".

Nəsimi

Xəbər lenti