Region Bugün, 08:26

"Vaşinqton və Təl-Əviv Xomeyni hakimiyyətinin devrilməsində tərəddüd edir"

"Vaşinqton və Təl-Əviv Xomeyni hakimiyyətinin devrilməsində tərəddüd edir"
On gündən artıqdır ki, İranda davam edən ixtişaşlar və mitinqlər artıq xalq üsyanı formasını alıb. Bu ixtişaşlarda konkret lider olmadığından, yekdil tələblər irəli sürülmədiyindən xalqın qarşısında faktiki olaraq iki seçim qoyulub. Bu seçimlərdən biri molla-teokratik rejimin davamı, digəri isə Şah Pəhləvi monarxiyasının yenidən İran hakimiyyətinə qaytarılmasıdır.

Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.

Onun fikrincə, görünən odur ki, İran xalqı iki seçimdən birinə məcbur edilir. Şübhə yoxdur ki, bu proseslərdə xalqın qarşısında yalnız iki seçimdən birinin qoyulması Qərb dünyasının İranın yaradılması ilə bağlı tarixi missiyasının icrasının davam etdirilməsi ilə əlaqədardır. İran ümumiyyətlə İslam dünyasının parçalanması, Türk dünyasına qarşı çəkindirici və rəqabət mərkəzi kimi yaradılıb və bu gün də həmin funksiyanı davam etdirir, İslam dünyasında dini ayrı-seçkiliyin və nifrətin dərinləşməsinə xidmət etmiş, İsrailə qarşı əsassız, təsirsiz təhdidlər və sünni təhlükələr yaratmaqla İsrailin regionda hərbi gücünün artmasına, işğalçılığına əsas verməklə öz missiyasını davam etdirir:

"ABŞ və İsrailin İranda mövcud imkanlarını nəzərə alaraq proseslərin analizi onu göstərir ki, Vaşinqton və Təl-Əviv Xomeyni hakimiyyətinin devrilməsində tərəddüd edir. Əlbəttə ki, bu, ilk növbədə proseslərin nəzarətdən çıxması və İranın parçalanma ehtimalının yüksəlməsi ilə bağlıdır. Hər dəfə İranda xalq narazılığı ilə başlanan etirazlar başlayanda proseslərə digər, xüsusən də Türkiyənin müdaxiləsinin qarşısını almaq üçün Türkiyənin daxilində də və ya Türkiyə ilə bağlı regionda konfliktlər, qarşıdurmalar, təxribatlar baş verir ki, Türkiyənin müdaxilə imkanları məhdudlaşsın, İranın bütövlüyünü qoruyub saxlamaq mümkün olsun.

Ancaq bu, o demək deyil ki, İranda vəziyyət ABŞ, İsrail və ümumiyyətlə Qərbin istəyinə uyğun gedəcək. Proseslərin nəzarətdən çıxma ehtimalı yüksəkdir. İsrail və ABŞ-ın da İrana müdaxilədən ehtiyatlı davranması vəziyyətə mənfi təsir etməmək məqsədi daşıyır. Əlbəttə ki, proseslərin axarından asılı olaraq ABŞ və İsrailin hərbi müdaxiləsi də daimi olaraq masadadır və son qərarda Azərbaycanın, Türkiyənin təsir imkanlarının nəzərə alınması ehtimalı yüksəkdir".

Nəsimi

Xəbər lenti