Özbəkistan Respublikasında fəaliyyət göstərən RAzMMM tərəfindən Azərbaycan xalqının tarixində dərin iz qoymuş 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir Daşkənd şəhərində, Özbəkistan Respublikasının Millətlərarası münasibətlər və xaricdə yaşayan vətəndaşlar üzrə Komitəsində təşkil olunmuşdur. Anım mərasimində RAzMMM-in idarə heyətinin üzvləri, fəal diaspor nümayəndələri və ictimai aktivistlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RAzMMM-in sədri Məmmədov Mobil 20 Yanvar faciəsinin üzərindən 36 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin Azərbaycan xalqının milli yaddaşında daim yaşadığını vurğulamışdır. Sədr şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə 1 dəqiqəlik sükut elan etmişdir.
Çıxışında sədr Məmmədov Mobil 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq, suverenlik və milli ləyaqət uğrunda apardığı mübarizənin faciəli, eyni zamanda qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmiş, bu hadisənin xalqımızın müstəqillik iradəsini sarsıtmaq əvəzinə daha da gücləndirdiyini bildirmişdir.
Tədbir zamanı vurğulanmışdır ki, 20 Yanvar faciəsi təkcə Azərbaycan tarixində deyil, eyni zamanda beynəlxalq hüquq və insan haqları normalarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Xaricdə yaşayan azərbaycanlılar üçün bu cür anım tədbirləri milli yaddaşın qorunması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Anım mərasimi iştirakçıların şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə etməsi ilə başa çatmışdır.
Nəsimi