Siyasət Bugün, 15:42

Ceyhun Bayramovla Kaya Kallasın geniştərkibli görüşü oldu



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.

Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.

Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Xəbər lenti