13 noyabr 2025-ci il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Heydər Əliyev Mərkəzinin və Siyəzən Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Müasir cəmiyyət və uşaq hüquqları" mövzusunda maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən "Uşaq Hüquqları Aylığı" çərçivəsində təşkil olunan tədbir uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılıq səviyyəsinin artırılması, uşaqların müdafiəsinə cəmiyyətin diqqətinin cəlb edilməsi, uşaqların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, onlara qarşı zorakılıq hallarının qarşısının alınması, eyni zamanda bu istiqamətdə ictimai fəallığın təşviq və təbliğ olunması məqsədi daşıyıb.

Tədbirdə Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov, Siyəzən Gənclər Evinin direktoru Elşən Yarəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Tağıyev və digərləri çıxış ediblər. Çıxışlarda əvvəlcə tədbir iştirakçılarına uşaq hüquqları və azadlıqları, bu sahədə qanunvericilik və s. haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” konvensiyaya qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində üzərinə bir sıra öhdəliklər götürmüşdür.
Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi və təhsili sahəsində ardıcıl iş aparılır. Çıxışlarda uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunması üçün qurumlar arasında əməkdaşlığın vacib olduğu vurğulanıb. Çıxışlardan sonra tədbir müzakirə şəklində davam etdirilib və uşaqları maraqlandıran suallar cavablandırılıb.
Nəsimi