Rusiya-Ukrayna müharibəsində yaxın perspektivdə sülh görüntüsü çox zəifdir
“Məsələyə real faktlar üzərindən yanaşsaq, Rusiya-Ukrayna müharibəsində yaxın perspektivdə sülh görüntüsü çox zəifdir”.
Planetinfo.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, son vaxtlar ABŞ prezidenti Trampın bu istiqamətdə səylərini xüsusi olaraq qeyd etmək lazımdır:
“Ortada 28 bəndlik sülh planı layihəsi var və hər iki tərəfə təqdim olunub. Baxmayaraq ki, sülh planının tərkibində çox ciddi və xüsusilə də Ukrayna üçün ağır maddələr yer alıb, onların kiçik bir qismini nə Rusiya, nə də ki Ukrayna qəbul etmək fikrində deyil. Bütün bunlara rəğmən hər iki tərəf plan üzərində işləyir və bu istiqamətdə danışıqlar prosesi sürətlənib. Plan üzərində bir qədər “yumşaldılma işləri” aparılıb və tərəflər arasında razılıq əldə olunan maddələr artıq var. Amma bununla belə rədd edilən xüsusilə də ərazilərlə bağlı maddələr var. Ukrayna hökuməti heç bir halda hələ ki, işğalda olan ərazilərindən imtina etmək niyyətində deyil. Əsas etibarilə ordudaki gücünün azaldılması və canlı qüvvəsinin yarı-yarıya azaldılması ilə bağlı maddələri də özünə, suverenliyinə və ərazi bütövlüyünün qorunub saxlanılmasına qarşı təhlükə mənbəyi sayır. Hesab edir ki, ölkənin gələcək perspektivləri baxımdan risklidir”.
Anar