
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “EcoArt Lab: Tullantıdan Dəyərə” layihəsinin icrasına start veriləcək. Layihənin əsas məqsədi gənclər arasında ekoloji məsuliyyətin və yaşıl düşüncə tərzinin formalaşdırılması, tullantıların təkrar istifadəsi imkanlarının təşviqi, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və gənclərin sosial sahibkarlıq istiqamətində praktiki biliklər əldə etməsinə şərait yaradılmasıdır.Layihə çərçivəsində 18–35 yaş arası 30 gənc ekoloji dizayn, tullantıların yenidən dəyərləndirilməsi – upcycling, məhsul hazırlanması, marketinq və satış istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaq. İştirakçılar plastik, şüşə, parça və digər məişət tullantılarından istifadə etməklə dekorativ lampalar, vazalar, divar aksesuarları, suvenirlər və müxtəlif interyer məhsulları hazırlayacaqlar. Bununla gənclərə tullantılara yalnız məişət tullantısı kimi deyil, yeni məhsul və iqtisadi dəyər yarada biləcək resurs kimi yanaşmaq öyrədiləcək.Layihənin mühüm istiqamətlərindən biri iştirakçıların hazırladığı məhsulların real bazara çıxarılmasıdır. Layihənin sonunda təşkil olunacaq sərgi-satış tədbirində hazırlanmış məhsullar nümayiş etdiriləcək və potensial alıcılara təqdim olunacaq. Eyni zamanda gənclərə sosial media və onlayn platformalar vasitəsilə məhsulların tanıdılması, marketinqinin aparılması və satışının təşkili üzrə praktiki biliklər veriləcək.Layihənin icrası nəticəsində ən azı 60 ekoloji dizayn məhsulunun hazırlanması nəzərdə tutulur. Təşkilatçıların fikrincə, təşəbbüs gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə yanaşı, tullantıların azaldılması və yenidən istifadəsi istiqamətində maarifləndirməyə, yaşıl sahibkarlıq ideyalarının təşviqinə və gənclərin gələcək məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verəcək.“EcoArt Lab: Tullantıdan Dəyərə” layihəsi çərçivəsində əldə ediləcək təcrübənin iştirakçıların gələcəkdə öz ekoloji məhsullarını yaratmasına, sosial sahibkarlıq təşəbbüsləri formalaşdırmasına və yaşıl iqtisadiyyat istiqamətində yeni ideyalar həyata keçirməsinə stimul verəcəyi gözlənilir.Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.