Sosial Bugün, 10:59

“Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsi uğurla başa çatıb



“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir. Layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur və hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili həyata keçirilmişdir.

Planetinfo.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq, Füzuli şəhərində uşaq və yeniyetmələrin mina təhlükəsi riskini minimuma endirmək məqsədilə “Mina təhlükəsi rəsmlərdə” adlı rəsm müsabiqəsi həyata keçirilib. Minadan zərərçəkmiş ekspertin və mütəxəssislərin iştirakı ilə mina təhlükəsi ilə mübarizə üzrə müzakirələr aparılmış və rəsm əsərlərinin çəkilməsi zamanı ekspert dəstəyi göstərilmişdir. Müsabiqəyə cəlb olunmuş 25 iştirakçının hər birinə karandaş, fırça, yağlı boya, sulu boya, rəsm albomundan, vatman kağızından ibarət rəsm ləvazimatları təqdim olunub.

Müsabiqənin əsasnaməsi və münsiflər heyəti formalaşdırılıb. Rəsm müsabiqəsi zamanı uşaq və yeniyetmələr mina və müharibənin partlamamış qalıqları haqqında düşüncələrini canlı şəkildə çəkdiyi rəsmlər vasitəsilə həmyaşıdlarına, cəmiyyətə çatdırmış, rəsm əsərləri haqqında məlumatlar vermişdir. Hər bir iştirakçı tərəfindən təqdim olunan və gün ərzində davam edən rəsm müsabiqəsinin sonunda münsiflər tərəfindən seçilmiş ən yaxşı rəsm müəllifi- qalib 3 iştirakçı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Rəsm müsabiqəsi incəsənət vasitəsilə uşaqlar arasında yaradıcılıq əlaqələrinin qurulmasına, yeni dostlar qazanmasına, yaradıcı bacarıqlarının formalaşmasına və maarifləndirmə işlərinin incəsənət vasitəsilə aparılmasına səbəb olmuşdur. Tədbirin keçirilməsi işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış daha çox sakinin, uşaq və yeniyetmələrin qeyri-formal üsullar və incəsənət vasitəsilə mina və partlmamış hərbi sursatlardan qorunması istiqamətində maariflənməsinə səbəb olub.
Layihə çərçivəsində növbəti son tədbir Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası - Futbol festivalı” mini-futbol turniri keçirilib.

Festivalın əsas məqsədi futbol oyunları vasitəsilə uşaqlar arasında idmanla maarifləndirmənin təşkili və işğaldan azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində yaradılmış oyun meydançasından istifadənin təşviqi həyata keçirilməsi olub. Festival vasitəsilə uşaqlar işğaldan azad edilmiş ərazilərin yaxınlığında yerləşən mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərdə uşaq və yeniyetmələrin oynamasının və icazəsiz səfər etməsinin təhlükələrini bir daha anlayıb. Layihə ekspertinin də iştirak etdiyi tədbirdə idman vasitəsilə maarifləndirmə yolu ilə uşaqlar arasında sosial əməkdaşlıq əlaqələrinin qurulması, yeni dostlar qazanması, komanda işi bacarıqlarının formalaşması və qeyri-formal üsullarla təhlükəsiz davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması həyata keçirilib. Festivalda 4 komandadan ibarət mini futbol yarışları çıxarma sistemi mərhələsi üzrə keçirilib. Festivalda püşkatma ilə yarışlara cəlb olunmuş 4 komanda - Cəbrayıl şəhərini təmsil edən “Xarı Bülbül, “Zəfər”, “Xudafərin” və Horovlu kəndini təmsil edən “Horovlu” komandaları qarşı-qarşıya gəlib və gərgin mübarizədən sonra final oyununa vəsiqə qazanan “Xarı Bülbül” və “Zəfər” komandaları müəyyən olunub. Festivalın 2-ci günü isə finala vəsiqə qazanan“Xarı Bülbül” və Zəfər komandaları qarşı qarşıya gəlmiş və “Xarı Bülbül” komandası 6:3 hesabı ilə inamlı qələbə qazanaraq, turnirin qalibi- Çempion olub.
Ümumilikdə keçirilən mini-futbol yarışlarında 4 komanda üzrə 32 uşaq və yeniyetmə iştirak etmişdir. İştirakçılar yarışlara əvvəlcədən hazırlanmış və mina təhlükəsinə dair çağırışlar yazılmış vərəqələr və idman köynəkləri ilə qatılib. 1-ci yeri tutan 8 nəfərlik qalib mini- futbol komandasına qiymətli hədiyyələr və kubok, digər 3 komandada təmsil olunan 24 nəfərə isə hədiyyələr, futbol topları təqdim olunmuş və yarışların bağlanış tədbiri keçirilib. Festival işğaldan azad edilmiş Cəbrayıl şəhərində keçirilmiş və yarışlara Cəbrayıl şəhəri ilə bərabər doğma yurdlarına qayıtmış yaxın kəndlərdən komanda və izləyicilərdə qatılıb. Tədbirlərin keçirilməsi ilə bağlı əvvəlcədən müvafiq yerlərdə elanlar yerləşdirilmiş və sakinlərdə yarışları izləyibdir. Bu da işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış daha çox sakinin, uşaq və yeniyetmənin dolayısı ilə idman vasitəsilə maariflənməsinə səbəb olub.
Bununla da “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsi uğurla başa çatıb.



Anar

Xəbər lenti