Dünya 29-12-2025, 09:09

BAK-ın təşkilatçılığı ilə əlamətdar mədəni tədbir baş tutub

BAK-ın təşkilatçılığı ilə əlamətdar mədəni tədbir baş tutub
Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə əlamətdar mədəni tədbir baş tutdu. Tədbir Azərbaycan diasporu üçün mühüm əhəmiyyət daşıyan hadisə olaraq Benilüks Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, tanınmış ictimai xadim və yazar Sima Cəfərovanın “Ruhumla söhbət” və “Ömür dedikləri” adlı iki kitabının təqdimat mərasiminə həsr olundu.

Təqdimat mərasimində Niderlandda və Benilüks ölkələrində yaşayan Azərbaycan icmasının nümayəndələri, ziyalılar, ictimai-siyasi fəallar, mədəniyyət xadimləri, diaspor təşkilatlarının rəhbərləri, eləcə də ədəbiyyatsevərlər iştirak etdilər. Tədbir yüksək təşkilatçılıq və səmimi atmosferlə yadda qaldı.

Mərasimi giriş sözü ilə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açaraq Sima Cəfərovanın diaspor fəaliyyətində, milli-mənəvi dəyərlərimizin təbliğində və Azərbaycan mədəniyyətinin Avropada tanıdılmasında göstərdiyi xidmətlərdən bəhs etdi. Çıxışlarda vurğulandı ki, müəllifin yaradıcılığı yalnız ədəbi deyil, eyni zamanda ictimai və mənəvi dəyər daşıyır.

“Ruhumla söhbət” kitabı müəllifin daxili aləmini, insanın özünə hesabatını, həyat, zaman, sevgi və mənəviyyat mövzularına poetik-fəlsəfi baxışını əks etdirir. “Ömür dedikləri” isə yaşanmış həyat hekayələrindən, xatirələrdən və insan talelərindən süzülüb gələn düşüncələrlə oxucunu dərin mənəvi səyahətə aparır. Tədbirdə çıxış edən qonaqlar hər iki kitabın bədii dili, səmimiyyəti və oxucuya verdiyi mənəvi mesajlar barədə fikirlərini bölüşdülər.

Təqdimat mərasimi musiqi nömrələri ilə daha da rəngarəng və yaddaqalan oldu. Hollandiyada yaşayan tanınmış kamança ustası İlham Babayev və Azərbaycandan xüsusi olaraq tədbirə dəvət olunmuş, tanınmış kamança ifaçısı, əməkdar artist Xeyyam Əhrar oğlu Məmmədov öz ustalıqla səsləndirdikləri milli musiqi nümunələri ilə tədbir iştirakçılarını feyziyab etdilər. Onların ifasında səslənən kamança havaları salonda xüsusi ruh yüksəkliyi yaradaraq tədbirə milli kolorit qatdı və dinləyicilər tərəfindən böyük alqışla qarşılandı.

Tədbir çərçivəsində Hollandiyada fəaliyyət göstərən “Manşet” qəzetinin əməkdaşı Mehmet Ali Topçu bəy Azərbaycan diasporuna göstərdiyi davamlı dəstəyə, diaspor fəaliyyətinin media vasitəsilə işıqlandırılmasında və Azərbaycan həqiqətlərinin təbliğində göstərdiyi xidmətlərə görə Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Təşəkkürnamə ilə təltif olundu. Təltifetmə mərasimi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və alqışlarla müşayiət olundu.

Sima Cəfərova öz çıxışında tədbirin təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinə, eləcə də mərasimdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi. O, kitabların yazılma prosesindən, onları ərsəyə gətirən hiss və düşüncələrdən danışaraq, bu əsərlərin oxucularla mənəvi körpü yaratmaq məqsədi daşıdığını qeyd etdi.

Təqdimat mərasimi qarşılıqlı fikir mübadiləsi, kitabların imzalanması və xatirə şəkillərinin çəkilməsi ilə davam etdi. Tədbir bir daha sübut etdi ki, Azərbaycan diasporu xaricdə yalnız ictimai-siyasi deyil, həm də mədəni və ədəbi sahədə fəal şəkildə fəaliyyət göstərir, milli kimliyimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verir.

Nəsimi

Xəbər lenti