Dünya 13-11-2025, 08:45

ABŞ Türkiyənin razılığı ilə addım atır

ABŞ Türkiyənin razılığı ilə addım atır
Suriya prezidenti Əl-Şaranın Amerika prezidenti Donald Tramp ilə görüşündən əldə olunmuş razılaşmalar, əlbəttə ki, ilk növbədə Suriyanın dövlət maraqlarını önə çıxarır. Sözsüz ki, Əl-Şaranın Rusiya səfərindən sonra ABŞ səfərinin daha uğurlu nəticələnməsi geosiyasi mübarizəyə də əhəmiyyətli təsir göstərir. Zahirən bu səfərin Suriyanın, Əl-Şaranın diplomatik qələbəsi kimi təqdim edilməsi həm də onun siyasi lider imicinin beynəlxalq arenada möhkəmləndirilməsi məqsədi daşıyır.

Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, ancaq proseslər onu sübut edir ki, Əl-Şaranın Donald Tramp ilə əldə etdiyi uğurlu nəticələr birbaşa Türkiyə prezidenti cənab Ərdoğanın iştirakı ilə mümkün olmuş, Suriya qədər Türkiyənin maraqlarının təmininə də xidmət etmişdir. Tramp – Əl-Şaran görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirakı bu qənaəti təsdiqləyir.

Görüşdən əldə edilmiş ən vacib razılaşma – Suriya ərazisindən İsrail ordusunun çıxarılması və Suriyanın beynəlxalq terrorizmə qarşı mübarizə üçün ABŞ-la birgə əməkdaşlığa qoşulmasıdır. Fidanın bu görüşdə iştirakı əldə edilən razılaşmaların icrasına zəmanətdir.

Donald Trampın Əl-Şara ilə görüşdən əvvəl səsləndirdiyi "Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərir" fikirləri təbii ki, hal-hazırda Suriya ilə ABŞ arasında əldə olunan razılaşmalarda Türkiyənin birbaşa roluna işarədir:

"Məlumdur ki, Suriyada Bəşər Əsədin rejiminin devrilməsi, Əl-Şaranın hakimiyyətə gətirilməsi ABŞ, İsrail və sair dövlətlərin də təsdiq etdiyi kimi, birbaşa Türkiyə ilə ABŞ-ın koordinasiyalı şəkildə həyata keçirilib. Bu görüşdə ABŞ Ordusunun da Suriyada möhkəmlənməsi ilə bağlı məsələlər də aydınlaşdırılıb. Nəzərə alsaq ki, bir neçə gün əvvəl Əl-Şaranın Rusiya səfəri, prezident Putinlə görüşündən Rusiyanın da hərbi bazalarının Suriyada qalması razılaşdırılıb, proses ümumən onu göstərir ki, Türkiyə Yaxın Şərqin əsas hakimi mövqeyini gücləndirir. ABŞ-ın Suriyada hər hansı fəaliyyəti Türkiyə ilə razılaşdırılmış şəkildə həyata keçirilməsi həm labüd, həm də strateji əhəmiyyətlidir".

Nəsimi

Xəbər lenti