İranın dini rəhbəri Əli Xameneinin tələbələrlə görüşü zamanı ABŞ-İran münasibətləri ilə bağlı verdiyi açıqlama, əlbəttə ki, iki ölkə arasında münasibətlərdəki uzun müddət davam edən gərginliyin səngiməməsi ilə bağlıdır. Əli Xameneinin bu açıqlaması heç şübhəsiz ki, siyasi xarakter daşıyır və ABŞ-İsrail strateji tərəfdaşlığına qarşı bir mesajdır.
Bunu
Planetinfo.az-a politoloq Çingiz Şahbazi deyib.
"Xamenei ABŞ-ı İsrailin əsas himayədarı kimi qeyd etməklə, , İranın rəsmi ideologiyasında xüsusilə də İsraili müsəlman dünyasına qarşı təhlükə mənbəyi olaraq görür və işğalçı dövlət olaraq vurğulayır. Bu səbəbdən Vaşinqtonun İsrailə verdiyi hərbi-siyasi dəstəkdən dolayı, İsrailin Yaxın Şərqdə və xüsusilə də Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara davam etdiyi müddətcə, Tehran üçün ABŞ-la əməkdaşlıq əlaqələrinin qurulması məsələsi ideoloji baxımdan mümkün olmadığı açıq şəkildə, dini rəhbər tərəfindən ifadə olunmaqdadır. Xamenei ABŞ-ı, İsraili Yaxın Şərqdə dəstəkləməməyə və ümumiyyətlə regiondan çəkilməyə çağırıb və məhz bundan sonra İran -ABŞ münasibətlərinin qurulması və inkişafı haqda danışmaq mümkün ola bilər, deyib. Əlbəttə, İran və ABŞ-ın Yaxın Şərqdə maraqları kəsişir və bu maraqlar bir-birinə ziddiyyət təşkil edir. Xameneinin bəyanatında qeyd olunan tələblər və iradların həmçinin tərkibində, İranın Yaxın Şərq siyasətində xüsusilə də Livan, Suriya, Yəmən və Fələstin məsələsində öz təsir dairələrini genişləndirmək məqsədi də gizlənir" - politoloq deyib.