Ukrayna heç bir halda ABŞ-ın və ya digər dövlətlərin bir “əyalətinə” çevrilə bilməz, öz suverenliyindən imtina edə bilməz. Bu, dövlətçiliyin və milli kimliyin bitməsi deməkdir. Hesab edirəm ki, vəziyyətdən çıxış ən yaxşı halda Zelenskinin istefası və yeni seçkilərin keçirilməsi ola bilər. Bu halda Zelenski Ukraynanın çoxsaylı itkilərini rəsmiləşdirmədən, vaxt qazanmaqla xalqa müəyyən siyasi manevr imkanları yarada bilər. Donald Tramp daimi deyil.
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
Politoloq deyib ki, digər variant isə, əlbəttə ki, ABŞ-ın “dərin dövləti”nin Donald Trampa yürüdülən siyasətə münasibəti ilə bağlıdır: "Düşünürəm ki, Donald Trampın Ukraynanın məğlubiyyətinə israrla göstərdiyi həvəs, Ukraynanın milli maraqlarını ayaq altına alaraq nəyin bahasına olursa olsun “sülh” əldə etməyə çalışması, Ukrayna dövlətçiliyinin faktiki məhv edilməsinə yol açır. Ukrayna üçün belə faciəvi nəticəyə ABŞ-ın zorakı vasitəçi kimi çıxış etməsi onun qlobal güc imicinə ağır zərbə vurur və NATO ölkələrinin, eləcə də digər müttəfiqlərin ABŞ-dan uzaqlaşmasına gətirib çıxara bilər. Paralel olaraq ABŞ-ın bu addımı psixoloji olaraq tərəfdaşlarının ondan çəkinməsinə, etimadsızlığına əsas olacaq".
Onun sözlərinə görə, təsadüfi deyil ki, Almaniyanın artıq Avropada “dirçəlməsi” və yenidən aparıcı hərbi dövlətə çevrilməsi bu prosesin nəticələrindən biridir. Bu vəziyyətdə Donald Trampın yürüdüyü siyasət Çinin daha da güclənməsi üçün mühüm imkanlar yarada bilər. Bu baxımdan düşünürəm ki, Donald Trampın hakimiyyətdə qalması məsələsi artıq Ukrayna üçün deyil, ABŞ-ın öz qlobal güc mövqeyini qoruması üçün kritik bir şərtə çevrilir.
Nəsimi