“Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə 28 bənddən ibarət və Tramp planı kimi təqdim edilən sülh müqaviləsi layihəsi dünyanı yenidən iki yerə bölüb. Planın qəbul edilməsi və tətbiqi çətin olacaq, çünki o, Rusiyanın əsas tələblərini əks etdirir və Ukrayna üçün ağır şərtlər diqtə edir”.
Bu fikirləri
Planetinfo.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli səsləndirib. O bildirib ki, plan, ABŞ-ın təşəbbüsü ilə ötən həftə Kiyev və Moskvaya təqdim edilib:
“O, müharibənin dərhal dayandırılmasını, tərəflərin geri çəkilməsi və uzunmüddətli təhlükəsizlik qarantiyalarını əhatə edir. Planı aşağıdakı 4 kateqoriyaya bölmək olar:
1.Təhlükəsizlik və qarantiyalar (1-5, 7-10, 15-18-ci bəndlər). Burada Ukraynanın suverenliyi formal olaraq təsdiqlənir, Rusiya və NATO arasında münasibətlər aydınlaşdırılır, NATO-nun genişlənməsi dayandırılır. Ukrayna NATO-ya qoşulmayacaq, lakin ABŞ və NATO tərəfindən təhlükəsizlik qarantiyası verilir. Ukraynaya hücum NATO-ya hücum sayılacaq. Nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə müqavilələr uzadıla bilər.
2. Hərbi məhdudiyyətlər və neytrallıq (6, 8, 21-22-ci bəndlər). Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq. Hazırda 800-850 min nəfərdir. NATO-nun Ukrayna ərazisində hərbi qüvvələr yerləşdirməsi qadağan olunur. Krım, Luqansk və Donetsk Rusiya ərazisi hesab ediləcək. Xerson və Zaporojye de-fakto Rusiya nəzarəti altında saxlanılır. Digər işğal olunan ərazilərdən isə Rusiya çıxacaq.
Demilitarizasiya zonası yaradılacaq və gələcəkdə zorla dəyişiklik qadağan ediləcək.
3. İqtisadi və humanitar tədbirlər (11-14, 19, 23-26 bəndlər). Ukrayna ABŞ-ın köməyi ilə yenidən qurulacaq. Bunun üçün Rusiyanın 100 milyard dollar dondurulmuş aktivlərindən istifadə ediləcək və ABŞ bundan 50 faiz qazanc əldə edəcək. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar mərhələli şəkildə ləğv ediləcək. Zaporojye AES-də istehsal olunmuş elektrik enerjisi bərabər bölüşdürüləcək. Əsirlərin və meyidlərin mübadiləsi aparılacaq, müharibə cinayətləri üçün ümumi əfv ediləcək. Dnepr çayından ticarət və Qara dənizdən taxıl daşınması maneəsiz həyata keçiriləcək.
4. Digər bəndlər (27-28): Saziş qanuni qüvvəyə malik olacaq, ona Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək. Razılaşma əldə olunduqda dərhal atəşkəs başlanacaq”.
Mütəllim Rəhimli qeyd edib ki, təklif edilən plan açıqlanan kimi ona qarşı ciddi hücumlar oldu:
“Qərb ölkələrinin bəziləri onu qəbuledilməz adlandırdı. Hətta ABŞ-nin Dövlət katibi Marko Rubionun ondan xəbərsiz olduğu haqqında açıqlamaları da mediada yer aldı.
Əvvəla qeyd etmək lazımdır ki, plan Ukrayna üçün ağır şərtlər diqtə edir. Ərazi itkisi, hərbi məhdudiyyət və NATO qadağası Kiyevin “qırmızı xətləri”ni pozur. Prezident Zelenski planı “canlı sənəd” kimi qəbul edib, dəyişikliklər tələb edir və danışıqlara hazır olduğunu nümayış etdirib. Onun mövcud şərtləri qəbul etməsi çətindir və hətta demək olar ki, mümkün deyil. Qərb ölkələrindəm Fransa, Böyük Britaniya təklif edilən planı “Rusiya tərəfinin üstünlüyü” kimi görür və NATO-nun Ukraynada hərbi qüvvə yerləşdirə bilməməsini ciddi tənqid edir. Əgər Ukrayna Tramp planını rədd edərsə, müharibə daha şiddətli şəkildə davam edəcək. İnsan itkiləri, strateji obyektlərin sıradan çıxarılması, infrastrukturların dağıdııması daha da artacaq. Ancaq qəbul edərsə, uzunmüddətli sabitlik də şübhə altındadır”.
Anar