Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 28 bəndlik sülh planına alternativ olaraq 24 maddədən ibarət sənəd hazırlayıb. Bu sənəd noyabrın 23-də Cenevrədə keçirilən danışıqlarda təqdim olunub.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib.
"O, Tramp planının Rusiya tərəfinə üstünlük verməsi və Ukrayna üçün ağır şərtlər qoymasını nəzərə alaraq hazırlanıb. Sənəd, Ukrayna və Avropa tərəfindən dəstəklənir və müharibənin sona çatdırılması, təhlükəsizlik qarantiyaları və iqtisadi bərpaya fokuslanıb. Rusiyaya da bəzi stimullar təklif edilir.
Avropa Birliyinin 24 maddəlik sənədi Trampın planından daha çox Ukrayna maraqlarına uyğundur və Kiyev üçün "qırmızı xətləri" qoruyur" - politoloq deyib.
Onun sözlərinə görə, Tramp planı Rusiyanın əsas tələblərini (ərazilər, hərbi məhdudiyyət) əks etdirərək, Ukraynanı faktiki olaraq nəzarət altında saxlayır. 600 minlik ordu limiti və böyük ərazilər itkisi gələcək hücumlara qapı açır. Buna görə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen planı “gələcək müharibə toxumları” kimi tənqid edib və “sərhədlər zorla dəyişdirilə bilməz” deyə bəyan edib.
24 maddəlik sənəd isə Ukrayna suverenliyini prioritet kimi qəbul edir. Ordu limitinin hazırkı səviyyəyə yaxın 800 minə qaldırılması yer alır. Bu da Ukraynanın təhlükəsizliyini gücləndirir, NATO-ya inteqrasiyanı açıq saxlayır və ABŞ qarantiyası ilə "5-ci maddə” mexanizmini təmin edir. İqtisadi olaraq, bloklanmış Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi təklif edilir. Bu isə Tramp planındakı ABŞ-nin qazanc əldə etməsindən fərqli olaraq, tamamilə Kiyevə fayda verəcək. Humanitar cəhətdən, oğurlanmış uşaqların qaytarılması kimi prioritetlər də əlavə dəstək yaradır.
Nəticədə, bu sənəd Ukraynanın maraqlarının təxminən 80-90 faizini əhatə edir. Ərazilər və təhlükəsizliklə bağlı məsələlər Ukraynanın maraqlarına cavab verir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov son layihənin “Ukraynanın əsas prioritetlərinin çoxunu əks etdirdiyini” qeyd edib. Zelenski isə “ədalətli və davamlı sülh” ümidini ifadə edib.
Ümumilikdə, Avropa Birliyinin təqdim etdiyi plan müharibəni dayandırma potensialını artırır. Çünki o, Avropa və Ukrayna tərəfindən dəstəklənir. ABŞ-nin də onun son variantının təsdiqində iştirakı olub. Lakin Rusiya da bununla razılaşmalıdır. Onun qəbul edilməsi üçün danışıqlar davam etdirilməlidir. Bu, Tramp planından daha balanslı bir layihədir.
Ən pis halda Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün Tramp planı ilə Avropa Birliyinin layihəsi əsasında Ukraynanın milli maraqlarını gözləməklə ortaq bir variant təklif edilə bilər. Hadisələri izləyək.
Nəsimi