İyunun 1-də, Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Rusiya Prezidenti Vladimir Putin doqquz çoxuşaqlı ailəyə "Qəhrəman ana" və "Valideyn şöhrəti" ordenlərini təqdim edəcək.
Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Məlumata görə, 2008-ci ildən təsis edilən "Valideyn şöhrəti" ordeni yeddi və daha çox uşaq böyüdən, onların sağlamlığı, təhsili və hərtərəfli inkişafı ilə məşğul olan valideynlərə verilir.
Bundan başqa, on və daha çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara dörd il əvvəl bərpa edilmiş "Qəhrəman ana" fəxri adı və eyniadlı orden verilir.
Qeyd edək ki, Putin daha əvvəl də müxtəlif şəxsləri, o cümlədən öz cüdo məşqçisinin oğlunu mükafatlandırıb. Eyni zamanda, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik Şurasının katibi Adam Kadırovun da "xüsusi hərbi əməliyyata" verdiyi töhfəyə görə medalla təltif edildiyi bildirilir.