ABŞ NATO müttəfiqlərindən Donald Tramp administrasiyasının siyasətini açıq şəkildə dəstəkləməyi tələb edir. Əks halda Vaşinqton alyansa hərbi dəstəyi azaltmağı nəzərdən keçirə bilər.
Bu barədə “Bloomberg” ABŞ-ın müttəfiqlərə göndərdiyi daxili sənədə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton NATO ölkələrinə xüsusi sorğu göndərərək onların hazırkı administrasiyaya loyallığını qiymətləndirir. Sorğuda ölkələrin ABŞ-ın xarici siyasətini açıq şəkildə dəstəkləyib-dəstəkləmədiyi, Birləşmiş Ştatların hərbi bazalarından istifadəyə məhdudiyyət qoyub-qoymadığı soruşulur.
ABŞ həmçinin müttəfiqlərin Birləşmiş Ştatların müdafiə şirkətlərindən məhsul alıb-almadığı və ABŞ-la müqavilələrə mane olan qaydalara qarşı çıxıb-çıxmadığı ilə maraqlanır. Sorğuda NATO ilə razılaşdırılmadan İranda və Venesuelada həyata keçirilən hərbi əməliyyatlara münasibət də yer alıb.
Müttəfiqlər bu addımı təhlükəsizlik müqabilində siyasi sədaqət tələb etmək cəhdi kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, belə yanaşma İkinci Dünya müharibəsindən sonra formalaşan transatlantik münasibətlərə ciddi zərər vura bilər.
Sorğu ABŞ-ın Avropadakı hərbi mövcudluğuna dair altı aylıq araşdırma çərçivəsində hazırlanıb. Araşdırmanın dekabr ayına qədər başa çatdırılması gözlənilir. NATO ölkələri artıq ABŞ qoşunlarının mümkün çıxarılmasına və bombardmançı təyyarələr, hərbi gəmilər də daxil olmaqla resursların azaldılmasına hazırlaşırlar.
Qeyd edək ki, Donald Tramp iyul ayında NATO-dan məyus olduğunu bildirərək alyans üzvlərini kollektiv təhlükəsizliyə kifayət qədər töhfə verməməkdə ittiham etmişdi.