ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin avqustun ikinci yarısında Kiyevə planlaşdırılan səfəri Vaşinqtona Ukrayna münaqişəsinin həlli yollarını daha dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Aleksey Çepa "Gazeta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp danışıqlar aparmaq və ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı gələcək addımlarını dəqiqləşdirmək üçün nümayəndələrini Kiyevə göndərir.
"Çox güman ki, Kiyevdə keçiriləcək görüşdən sonra nümayəndə heyəti müəyyən müddət sonra Rusiyanın mövqeyini nəzərə alaraq vəziyyəti müzakirə etmək üçün Moskvaya da səfər edəcək", - deyə Çepa vurğulayıb.
Deputat əlavə edib ki, Moskva Uitkoff və Kuşnerin Kiyev səfərinin Ukraynadakı münaqişənin başa çatmasına töhfə verəcəyinə ümid edir.