Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən deyib.
Paşinyan bildirib ki, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi yalnız rəsmi müraciət təqdim edildikdən və hazırlıq mərhələləri tamamlandıqdan sonra mümkün olacaq:
“Ermənistan, ilk növbədə, Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət təqdim etməlidir. Bu, böyük həcmli iş tələb edən prosesdir və yaxın vaxtlarda bu prosesə başlayacağıq”.
Baş nazir daha əvvəl Aİ-yə üzvlüklə bağlı referendumun yalnız rəsmi müraciətdən sonra keçiriləcəyini açıqlamışdı. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderlərinin bu məsələyə münasibətini isə dostyana jest kimi qiymətləndirmiş, bunun Ermənistanın qarşısına şərt qoymaq cəhdi olmadığını bildirmişdi.