İqtisadiyyat 13-01-2026, 16:28

Su təsərrüfatı sahəsində yığılıb qalmış çoxillik problemlər həllini tapacaq



“2026-cı il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş genişmiqyaslı müşavirə günümüz üçün olduqca vacib və aktual idi. Qlobal və yerli səviyyələrdə yaranan içməli su çatışmamazlığı fonunda belə bir müşavirənin keçirilməsinin nə dərəcədə əhəmiyyətli olduğu hər kəsə bəllidir. Bildiyiniz kimi, içməli su çatışmamazlığı Azərbaycanı da təhdid etməkdədir. Şirin su hövzələrinin quruması, Xəzər dənizinin çəkilməsi su təsərrüfatı sahəsində ciddi problemlərin meydana gəlməsinə gətirib çıxarıb. Ona görə də Cənab Prezident zamanında bu məsələyə reaksiya bildirərək məlum müşavirəni keçirdi”.

Bu fikirləri Planetinfo.az-a iqtisad elmləri doktoru Arzuman Muradlı səsləndirib. O bildirib ki, müşavirədə dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri də Bakı və Abşeron bölgəsinin su, kanalizasiya problemi, yağış sularının qarşısının alınması məqsədilə atılmalı vacib olan addımlar idi:

“Prezident müşavirədə çıxış edərək bildirdi ki, Bakı və Abşeron bölgəsində uzun illər davam edən içməli su problemləri artıq regional infrastruktur layihələri çərçivəsində həllini tapmalı, lakin bunun üçün daha geniş və sistemli yanaşma tələb olunur. Məlumata görə, hazırda mövcud sistemlərin çox hissəsi köhnəlmiş və texniki baxımdan yararsızdır, buna görə də modernləşdirilməsinə ciddi ehtiyac var. Bu məqsədlə dövlət başçısının dediyi kimi yağış sularının idarə olunması təkmilləşdiriləcək, Bakının 30 küçəsində yeni yağış suları kollektor şəbəkəsi qurulacaq, daşqınların və sistem yüklənmələrinin qarşısını almaq üçün tədbirlər görüləcək. Tullantı suları və ətraf mühitin qorunması məqsədilə Hovsan tullantı suyu təmizləmə müəssisəsi genişləndiriləcək və modernləşdiriləcək”.
Arzuman Muradlı qeyd edib ki, bu müşavirə su təsərrüfatı sahəsində çoxillik problemlərin həllinə yönəlmiş ən genişmiqyaslı dövlət təşəbbüslərindən biridir:

“Dövlət Proqramı 2035-ci ilədək davam edəcək və su təsərrüfatında Azərbaycan üçün əsas struktur dəyişikliklərini həyata keçirməyi planlaşdırır. Bununla, yalnız içməli su təminatının keyfiyyəti artmayacaq, eyni zamanda tullantı suları idarəetməsi və yağış sularının effektiv idarə olunması baxımından da region üçün dayanıqlı və müasir sistemlər qurulacaq”.

Anar

Xəbər lenti