Avropa Tramp administrasiyasının Ukrayna ilə bağlı sülh planının indiki formada reallaşmasına mane olmağa çalışır. Avropa liderləri ABŞ-a çatdırmağa çalışırlar ki, Rusiyanın əsas hədəfi təkcə Ukrayna deyil, növbəti mərhələdə bütöv Avropa təhlükə altına düşə bilər.
Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
"Tramp administrasiyası da artıq bu risklərin fərqindədir. Əgər Ukrayna hazırkı şərtlərlə sülhə məcbur edilərsə, bu, orta və uzun müddətdə ABŞ üçün daha böyük təhlükəsizlik problemləri yarada bilər. Bu səbəbdən Trampın sülh planı üzərində yenidən işlənilir və Ukraynanın, eləcə də Avropanın təhlükəsizlik maraqlarını nəzərə alan mexanizmlərin əlavə olunması müzakirə edilir" - politoloq deyib
O, qeyd edib ki, Putin Rusiyanın tarixində “ən böyük hökmdarlardan biri” kimi qalmaq istəyində artıq geri dönüş nöqtəsini çoxdan keçib. Bu səbəbdən sanksiyaların qismən yumşaldılması və ya məhdud ərazi güzəştləri naminə imperiya ambisiyalarından imtina edəcəyi real görünmür:
"Analitiki qiymətlərə görə davamlı sülh yalnız Putinə təzyiq elə bir həddə çatdırılmalıdır ki, o, Ukraynada məğlubiyyətdən və daxili siyasi-sosial çöküşdən real şəkildə qorxmağa başlasın.
Bununla yanaşı, Kreml özü də anlayır ki, proseslər onun istədiyi kimi getmir. Rusiya iqtisadiyyatının tam şəkildə müharibə modelinə keçirilməsi, resursların silahlanmaya yönəldilməsi ölkəni sürətlə daxili böhrana sürükləyir.
Tramp administrasiyasının “Reyqanomika” xəttinə yaxın yanaşması Moskvanı silahlanma yarışına cəlb etməklə iqtisadi cəhətdən tükətmək strategiyası SSRİ-nin süqutu dövründəki ssenarini xatırladır. Əgər Avropa Ukraynanın bir neçə il də müqavimət göstərməsinə dəstək verə bilsə və sanksiyaları daha da sərtləşdirsə, Putinin üzləşəcəyi problemlər qaçılmaz olacaq.
Rusiya artıq təkcə iqtisadi və hərbi-texniki baxımdan deyil, həm də insani resurs baxımından ciddi tükənmə mərhələsinə daxil olur. Gənc nəslin müharibədə məhv edilməsi ölkə üçün ağır demoqrafik nəticələr vəd edir. Kənardan cəlb edilən ucuz döyüşçü qüvvəsi isə müharibədə strateji dönüş yaratmaq gücündə deyil.
Yekun olaraq demək olar ki, imperiya ambisiyaları və işğalçılıq siyasətinin girovuna çevrilən Putin sonda bu siyasətin qurbanına çevrilə bilər. Tarix göstərir ki, reallıqları nəzərə almayan imperiya iddiaları gec-tez həm dövlətləri, həm də liderləri ağır böhranlarla üz-üzə qoyur".
Nəsimi