Liviya hərbçilərinin təyyarəsinin Ankarada qəzaya uğradığı gün İsrail, Yunanıstan və Cənubi Kipr liderləri Qüdsdə üçtərəfli zirvə keçirərək faktiki olaraq Türkiyəyə qarşı ittifaq formalaşdırdıqlarını bəyan etdilər. Ankaranın Dəməşq və Tripoli ilə əldə etdiyi razılaşmalar Türkiyənin Aralıq dənizində təkcə iqtisadi maraqlarını təmin etmir, paralel olaraq hərbi güc və imkanlarını da artırır.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
"Təbii ki, bu proseslər Yunanıstanı, Kipri və İsraili Türkiyəyə qarşı daha aktiv mövqe tutmağa və ittifaq çərçivəsində yaxınlaşmağa sövq edib. Aydındır ki, İsrail ABŞ-ın razılığı olmadan Türkiyəyə qarşı belə bir ittifaqa gedə bilməzdi və proseslərin ABŞ tərəfindən koordinasiya edildiyi şübhə doğurmur. Türkiyəyə qarşı kompleks xarakterli təxribatların davam edəcəyi ehtimalı yüksəkdir. Bu təxribatlar və hücumlar Rusiya–Türkiyə–Çin iqtisadi oxunun formalaşmasının, eləcə də Yaxın Şərqdə Türkiyənin mövqelərinin daha da möhkəmlənməsinin qarşısını almaq məqsədi daşıyır. Türkiyəyə qarşı region dövlətlərinin hər hansı birbaşa hərbi müdaxilə imkanlarına gəldikdə isə, bu yalnız ABŞ-ın birbaşa iştirakı ilə mümkündür.
Əlbəttə, əsas narahatlıq Türkiyə–İsrail münasibətlərinin dərinləşməsi ilə bağlıdır və bu, Azərbaycanın mövqeyi ilə bağlı müəyyən suallar yarada bilər. Lakin Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik formal xarakter daşımır, real və praktik funksionallığa malikdir. Bu baxımdan Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına təsir imkanları şübhə doğurmur.
Digər tərəfdən, Rusiya–Türkiyə–Çin oxunun formalaşması fonunda Amerika–Azərbaycan münasibətləri ilə bağlı da müəyyən suallar və narahatlıqlar yarana bilər. Azərbaycan rəsmi şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi (TRIPP) müxtəlif layihələri özündə birləşdirən tranzit xətti kimi fəaliyyət göstərə bilər. Bu isə Azərbaycanın regional liderlik mövqeyini və strateji balanslaşdırıcı rolunu açıq şəkildə nümayiş etdirir".
Nəsimi