Region 29-12-2025, 08:17

"Lavrov hədələyici tonundan imtina etməyib"

"Lavrov hədələyici tonundan imtina etməyib"

Rusiya xarici işlər naziri Sergey Lavrov ilin son müsahibəsində də hədələyici tonundan imtina etməyib. O Avropanın Rusiyaya hücum edəcəyi halda köhnə qitənin dəhşətli zərbələrlə üzləşəcəyini bildirib. Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır. Rusiya rəsmiləri bir ara Avropanı nüvə müharibəsiylə hədələyirdilər, bu hədələrin işə yaramadığını anladıqdan sonra başqa hədələrə keçiblər.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Bəllidir ki, Avropa İttifaqı ölkələrinin Ukrayna ilə birgə Rusiyaya qarşı müharibəyə qoşulması kimi planı yoxdur. Avropa İttifaqı və NATO sadəcə Ukraynanı ayaqda saxlamağa çalışır. Bu məqsədlə Ukraynaya maliyyə və hərbi texnika göndərilir. Buna rəğmən, heç bir dövlət Ukraynaya ordu birlikləri göndərməyi planlaşdırmır. Bunu Kreml də bilir, sadəcə Rusiya rəsmiləri qabaqdangəlmişlik edərək Avropa ölkələrini Ukraynaya dəstəyi artırmaqdan çəkindirməyə çalışırlar. Ancaq bu alınmır. Rusiyanın Ukraynaya qarşı beşinci ilinə keçəcək müharibə Avropa təhlükəsizliyinə əsas təhdiddir və Rusiyanın işğalçı planlarından qorunmağın yolu Ukraynaya dəstəyin artırılmasından keçir" - politoloq deyib.

E.Şahinoğlu deyib ki, Kreml ABŞ Prezidenti Donald Trampın siyasətindən məmnundur. Rusiya Prezidenti Vladimir Putin Ağ Evin müharibənin dayandırılmasıyla bağlı irəli sürdüyü 28 bəndlik planı müzakirə etməyə hazır idi. Ancaq Kiyev və Brüssel həmin plana zəruri düzəliş və dəyişikliklər etdilər. Kreml yeni planı rədd etdi. Lavrov müsahibəsində guya Avropanın müharibənin dayandırılmasına əngəl olduğunu bildirib. Yəni bu məntiqə görə, Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü palana dəyişikliklər etməsəydilər, Moskva müharibəni dayandırmağa hazır idi:

"Sergey Lavrovun müsahibəsində Tayvanla bağlı sözləri də diqqəti çəkib. O deyib ki, əgər Çin Tayvanı ələ keçirmək məqsədilə hərbi müdaxiləyə başlayarsa, Rusiya müttəfiqinin yanında olacaq. Kreml bununla Çini Tayvanı ələ keçirmək siyasətinə dəstəyini nümayiş etdirib. Görünür, Çinin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlaması Rusiyanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Asiya qitəsində yeni müharibə böyük dövlətlərin diqqətini həmin bölgəyə yönəldəcək və bu Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinə diqqətinin azalmasıyla müşahidə olunacaq. Buna baxmayaraq, Pekin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlamağa risk etmir. Çünki, bu müharibənin Çin iqtisadiyyatı üçün ciddi problemlər yarada biləcəyinin fərqindədir. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda iqtisadi riskləri hesablamadı və Rusiya üçün ağır nəticə göz qabağındadır".


Nəsimi

Xəbər lenti