Region 6-01-2026, 10:11

"ABŞ və İsrail İran təhlükəsindən xilas yolunu rejim dəyişikliyində görür"

"ABŞ və İsrail İran təhlükəsindən xilas yolunu rejim dəyişikliyində görür"
Hakimiyyət daxilindəki bu qarşıdurma və əhalinin ağır sosial-iqtisadi vəziyyəti xarici güclər üçün əlverişli imkan pəncərəsi yaradıb. Xüsusilə ABŞ və İsrail İranda baş verən proseslərdən öz strateji maraqları naminə istifadə etməyə çalışırlar.

ABŞ Prezidenti Donald Trampın İranda keçirilən etiraz aksiyalarına münasibət bildirərək, zorakılıq və itkilər olacağı təqdirdə Vaşinqtonun prosesə müdaxilə edəcəyini bəyan etməsi bunu açıq şəkildə təsdiqləyir. Bu mövqe ABŞ-ın İranda siyasi böhranın dərinləşməsində maraqlı olduğunu göstərir.

Planetinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, İsrail də analoji mövqedən çıxış edir və vaxtilə İrandan köç etmiş mühacir şəbəkələrindən fəal şəkildə istifadə etməyə çalışır. Əsas strateji hədəf isə İranda rejim dəyişikliyinə nail olmaqdır.

ABŞ və İsrail İran təhlükəsindən xilas yolunu rejim dəyişikliyində görür. Məqsəd İslam İnqilabından öncəki şah rejiminə yaxın bir siyasi modelin formalaşdırılmasıdır:

"Lakin tərəflərin yanaşmaları tam üst-üstə düşmür. İsrail üçün əsas məqsəd İranın hərbi və ideoloji təhlükəsini birdəfəlik aradan qaldırmaqdır. ABŞ isə yeni dünya düzənində özünə uyğun, Çin və Rusiyaya qarşı mövqe tutacaq bir İran görmək istəyir.
Bunlarla yanaşı, digər mühüm məqalardan biri isə Yaxın Şərqdə güc balansının və geosiyasi xəritəsinin yenidən formalaşdırılması məsələsidir. ABŞ Türkiyənin bölgədə rol almasını qəbul etsə də, onun tam dominant gücə çevrilməsini o qədər də istəmir. İsrail isə Ankaranın regional liderliyinə qəti şəkildə qarşıdır. Bəzi ərəb ölkələri də həm İranın, həm də Türkiyənin təsirinin artmasından narahatdır.

Bütün bu amillər ABŞ üçün İranda siyasi böhranın hakimiyyət və dövlət böhranı, hətta xaos səviyyəsinə çatdırılmasını strateji baxımdan cəlbedici edir. Xaos isə Vaşinqtonun və Təl-Əvivin İranla bağlı planlarını reallaşdırmaq üçün əlverişli zəmin yarada bilər.
Tehran rejimi bu təhlükəni anlayır, lakin proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır. ABŞ rejim dəyişikliyini açıq şəkildə dəstəkləyəcəkmi, yoxsa zəifləmiş, idarəolunan İran modeli ilə əməkdaşlığa üstünlük verəcək… Bu sualların cavabı yaxın dövrdə regional proseslərin gedişində aydınlaşacaq".

Nəsimi

Xəbər lenti