İranda davam edən etiraz aksiyaları və dərinləşən sosial-iqtisadi böhran fonunda Tehran–Vaşinqton qarşıdurmasının hərbi mərhələyə keçməsi ehtimalı yenidən gündəmə gətirilir. Xüsusilə regionda artan gərginlik, İsrail amili və İranın daxili zəiflikləri bu ssenarini müzakirə mövzusuna çevirib. Lakin məsələni emosional deyil, rasional və strateji çərçivədə təhlil etdikdə İran–ABŞ müharibəsinin nə qədər real olduğu aydın şəkildə görünür.
Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
O, qeyd edib ki, 2025-ci ilin yayında baş vermiş və cəmi 12 gün davam edən İsrail–İran qarşıdurması Tehranın real hərbi potensialını açıq şəkildə ortaya qoydu. Bu müharibə göstərdi ki, İran nə texnoloji baxımdan, nə maliyyə resursları baxımından, nə də uzunmüddətli əməliyyatlar aparmaq imkanları etibarilə böyük güclə, xüsusilə də ABŞ-la birbaşa müharibə aparmaq iqtidarında deyil:
"ABŞ-la mümkün müharibə qısamüddətli deyil, çoxşaxəli, hava, dəniz, kiber və iqtisadi müstəviləri əhatə edən ağır bir qarşıdurma deməkdir. Belə bir savaş isə yalnız hərbi güc yox, dayanıqlı iqtisadiyyat, güclü logistika və ictimai dəstək tələb edir. İran isə hazırda bu üç əsas sütunun heç birinə malik deyil.
İran iqtisadiyyatı sanksiyalar, korrupsiya, struktur problemləri və yanlış idarəetmə səbəbindən faktiki iflas həddinə çatıb. Milli valyutanın kəskin ucuzlaşması, inflyasiyanın nəzarətdən çıxması və əhalinin alıcılıq qabiliyyətinin çökməsi ölkə daxilində narazılığı daha da artırıb. Etiraz aksiyalarının və xaosun əsas səbəbi də məhz budur.
Bu şəraitdə genişmiqyaslı müharibə aparmaq üçün tələb olunan maliyyə resurslarının mövcudluğundan söhbət gedə bilməz. Müharibə İran üçün problemi ört-basdır edən vasitə yox, mövcud böhranı sürətlə dərinləşdirən katalizator rolunu oynayar".
Politoloq bildirdi ki, Tehran rejimi tarixən daxili narazılığı “xarici düşmən” obrazı üzərindən neytrallaşdırmağa çalışmaq istər. Nəzəri olaraq müharibə daxili çəkişməni kənara yönəltmək üçün istifadə etmək istər. Lakin hazırkı mərhələdə bu taktika artıq işləmir. Çünki cəmiyyətin əsas tələbi ideoloji yox, sosial-iqtisadi xarakter daşıyır.
Üstəlik, müharibə aparmaq üçün yalnız ideoloji çağırış kifayət deyil. Canlı qüvvə məsələsi də ciddi problemdir. Sosial narazılığın pik həddə olduğu bir ölkədə kütləvi səfərbərlik aparmaq və uzunmüddətli müharibə üçün insan resursu toplamaq demək olar ki, mümkünsüzdür.
Tehran ən yaxşı halda ABŞ və müttəfiqlərinə qarşı dolayı və ya uzaqmənzilli vasitələrdən, xüsusən də raket hücumlarından, proksi qüvvələr və asimmetrik taktikadan istifadə edə bilər. Lakin bu da İran üçün ciddi maliyyə itkisi deməkdir. Hər bir raket buraxılışı onsuz da zəif olan büdcəyə ağır yükdür və strateji nəticə etibarilə balansı dəyişmir.
Birbaşa ABŞ-la hərbi toqquşma isə İran üçün fəlakət ssenarisi olar. Bu, rejimin zəifləməsi deyil, tam çökməsi ilə nəticələnə bilər:
"İstisna edilmir ki, ABŞ və İsrail İranı tam zəiflətmək və ya sistemli şəkildə çökdürmək üçün məhdudmiqyaslı hərbi planları gündəmdə saxlasın. Lakin belə bir ssenari də Tehran üçün çıxış yolu deyil, rejimin sonunu sürətləndirən amil olar.
Eyni zamanda genişmiqyaslı müharibə region üçün də son dərəcə təhlükəlidir. Yaxın Şərqdə destabilizasiya dərinləşər, enerji təhlükəsizliyi risk altına düşər və bəzi regional və qlobal güclər bu xaosdan öz maraqları naminə istifadə etməyə çalışar.
Maliyyə, sosial və iqtisadi böhran içərisində olan İranın ABŞ-la müharibə aparması nə praktik, nə də nəzəri baxımdan mümkün görünür. Belə bir müharibə Tehran üçün çıxış yolu deyil, sonun başlanğıcı olar. Buna görə də İranın real strategiyası açıq müharibədən qaçmaq, sərt ritorika və təhdidedici bəyanatlar daha çox psixoloji təsir və daxili auditoriyanı sakitləşdirmək üçün istifadə etmək üzərində qurulub.
İndiki şəraitdə İran siyasi-hərbi elitası üçün əsas prioritet rejimin davamlılığıdır. Nəticə etibarilə, Tehran ABŞ-la müharibənin onun üçün fəlakət olacağının fərqindədir və bu səbəbdən istənilən genişmiqyaslı təxribata getmək niyyətində deyil".
Nəsimi