Region 17-11-2025, 13:31

"Azərbaycan artıq Mərkəzi Asiyanın enerji resurslarında daha aktiv bir tərəfdaş olacaq"

"Azərbaycan artıq Mərkəzi Asiyanın enerji resurslarında daha aktiv bir tərəfdaş olacaq"
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tamhüquqlu üzvü qəbul edilməsi, regionda və beynəlxalq siyasətdə mühüm və yeni bir mərhələnin başlanğıcı kimi qoymətləndirilə bilər. Bu addım, Azərbaycanın strateji mövqeyini daha da gücləndirməyə və diplomatik əlaqələrini genişləndirməyə imkan verir. Əvvəlcə qeyd etmək lazımdır ki, bu üzvlük Azərbaycanın Mərkəzi Asiya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki rolunu artıracaq. Azərbaycan, artıq Mərkəzi Asiyanın enerji resursları, nəqliyyat dəhlizləri və sabitlik məsələlərində daha aktiv bir tərəfdaş olacaq.

Mərkəzi Asiya ilə əməkdaşlıq, Azərbaycanın enerji və tranzit siyasəti üçün böyük əhəmiyyət kəsb edir. Bu regionun zəngin enerji ehtiyatları və geostrateji mövqeyi, Azərbaycanı bu ölkələrlə ticarət və enerji sahələrində sıx əməkdaşlıq etməyə sövq edir. Azərbaycanın Qafqazda yerləşməsi və yeni nəqliyyat marşrutları qurma potensialı, bu regionda enerji mübadiləsi və tranzit məsələlərində mühüm rol oynayacaq. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri, həm regiondakı, həm də qlobal enerji bazarındakı mövqeyini gücləndirəcək.

ABŞ və Avropa üçün də, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq perspektivləri, enerji təhlükəsizliyi və regional sabitlik baxımından böyük əhəmiyyət daşıyır. ABŞ, bu əməkdaşlıq vasitəsilə, Çin və Rusiyanın regiondakı təsirinə qarşı bir balans yaratmağa çalışır. Avropanın isə Azərbaycanın Mərkəzi Asiya ilə quracağı əlaqələrdən enerji mənbələri və ticarət əlaqələrini gücləndirmək məqsədilə faydalanacağı şübhəsizdir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını daha da dərinləşdirmək məqsədilə təklif etdiyi "5+1" formatı isə regionda yeni bir əməkdaşlıq mərhələsini başlada bilər. Bu format, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində daha sıx əlaqələr qurmasına imkan verəcək. Üstəlik, "5+1" formatı, regional əməkdaşlığı gücləndirəcək və Azərbaycanı bu regionun əsas strateji oyunçusuna çevirəcək.

Nəticədə, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da güclənməsi, yalnız regionda deyil, həmçinin qlobal siyasətdə də əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bu, Azərbaycanın həm özünün, həm də Mərkəzi Asiya ölkələrinin maraqlarını daha geniş bir miqyasda qorumağa və inkişaf etdirməyə imkan yaradacaq.

Rəşad Bayramov
Politoloq

Xəbər lenti