Region 26-11-2025, 09:48

Özbəkistandakı Azərbaycan Diasporunun bəyanatı

Özbəkistandakı Azərbaycan Diasporunun bəyanatı
Özbəkistandakı Azərbaycan Diasporunun RAzMMM İdarə Heyətinin sədiri adından bəyanat verilib.

Son günlər Samirə Əfəndinin yarışma zamanı erməni nümayəndəyə 12 bal verməsi və səhnədə göstərdiyi qucaqlaşma görüntüsü Azərbaycan xalqının milli-mənəvi hisslərinə ciddi şəkildə toxunmuşdur. Özbəkistandakı Azərbaycan diasporunun sədri kimi bildirirəm ki, bu addım heç bir halda bəraət qazandırıla bilməz və diasporumuz tərəfindən kəskin şəkildə pislənir.

Əgər bu davranış hansısa siyasi mesaj kimi izah edilirsə belə, sərgilənən qucaqlaşma səhnəsi Azərbaycanın ağrı dolu tarixi reallıqlarına, şəhid ruhuna və xalqımızın yaralı yaddaşına tamamilə ziddir. Xalqımızın on illərlə davam edən işğal nəticəsində yaşadığı faciələri, minlərlə şəhidin qanını, qazilərimizin əzabını görməzdən gəlmək — nə mədəniyyət, nə diplomatiya, nə də humanizm adı ilə izah edilə bilər.

Bildirirəm ki, bu görüntü təkcə Azərbaycanda deyil, Özbəkistan da daxil olmaqla bir çox ölkələrdə yaşayan soydaşlarımız — diaspora üzvlərimiz tərəfindən dərin narazılıq və təəssüf hissi ilə qarşılanmışdır.
Bu davranış şəhid valideynlərinə, qazilərimizə və bütün xalqımıza qarşı mənəvi zərbə kimi qiymətləndirilir.

Azərbaycanı təmsil edən hər bir şəxsin — istər sənətçi, istər idmançı, istər ictimai sima — xalqın ağrısına, tarixi həssaslığına və milli dəyərlərinə hörmət göstərməsi borcdur. Xalqın yaralı yaddaşı üzərindən “şou jestləri” etmək qətiyyən yolverilməzdir və milli dəyərlərə açıq sayğısızlıqdır.

Özbəkistandakı Azərbaycan diasporu olaraq bir daha qəti mövqeyimizi bəyan edirik:
-Azərbaycan xalqının Şəhidlərinə, qazilərinə və tarixi həssaslıqlarına qarşı sayğısızlıq göstərən hər bir addım kəskin şəkildə rədd olunur.
-Milli dəyərlərimizə zidd jestlər, kim tərəfindən və harada edilməsindən asılı olmayaraq, diasporumuz tərəfindən qəbul edilmir.
-Azərbaycan adını daşıyan hər bir nümayəndənin davranışı xalqımızın yaralarına hörmətlə uyğun olmalıdır.

Biz, diaspor olaraq, Azərbaycan xalqının milli ləyaqətini, tarixi yaddaşını və şəhid ruhunu qorumağı ən ali vəzifə hesab edirik və bu mövqedən geri çəkilməyəcəyik.

Nəsimi

Xəbər lenti