“Son vaxtlar Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakı ilə Daşkənd arasındakı münasibətlərdə yüksək irəliləyiş müşahidə olunur. Cənab Prezident İlham Əliyev bu günlərdə Özböəkistan televiziyasına verdiyi müsahibədə də bununla bağlı fikirlərini bildirdi və Azərbaycanla Özbəkistan arasında bundan sonra da əlaqələrin daha da inkişaf etdirilməsi üçün fürsətlərin olduğunu ifadə etdi”.
Bu fikirləri
Planetinfo.az-a politoloq Zeynal Əmrəliyev Bakı-Daşkənd münasibətlərindən danışarkən səsləndirib. O bildirib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında dövlət başçılarının şəxsi münasibətləri də xüsusi əhəmiyyət kəsb edir:
“İlham Əliyev və Şavkat Mirziyoyev arasında çox isti münasibətlər mövcuddur”.
Politoloq onu da deyib ki, Özbəkistan son zamanlar Mərkəzi Asiyanın iqtisadi göstəricilərinə görə çox önə keçib:
“Bu da eyni zamanda onun Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla əlaqələri inkişaf etdirməsinə zəmin yaradır. Hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında texnoloji sahədə əməkdaşlıq həyata keçirilə bilər. Eyni zamanda birgə ekoloji layihələrin həyata keçirilməsi gündəmdədir. Çünki hər iki ölkə son zamanlar ekoloji məsələlərə xüsusi diqqət ayırır. Xüsusilə, “yaşıl enerji”yə keçid məsələsi aktual ola bilər. Humanitar sahələrdə, xüsusilə təhsil sahəsində əməkdaşlıq mümkündür. Məlum olduğu kimi Özbəkistan sovetlərin zamanında təhsil sahəsinin güclü olduğu ölkələrdən biri idi. Bu ölkədə böyük nüfuza malik təhsil müəssisələri vardı. Eləcə də iki ölkənin şəhərlərinin qardaşlaşması məsələsi gündəmə gələ bilər ki, bu da inteqrasiya prosesində olduqca mühüm addımdır. Həmçinin, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq gündəmdədir. Çünki hər iki ölkə dil baxımdan oxşardır. Eyni zamanda eyni mədəniyyəti bölüşürlər. Bunun özü həm də Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə inkişafı Türk dünyasınn gələcəkdə daha da irəli getməsinə müsbət təsir göstərə bilər”.
Anar