Siyasət 14-11-2025, 14:26

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib




“Azərbaycan və Özbəkistan arasındakı münasibətlər hər zaman ən yüksək səviyyədə olub və son son illərdə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində də vurğuladığı kimi, bu əlaqələr yalnız coğrafi yaxınlıqla deyil, həm də tarixi, mədəni, dini və mənəvi bağlara əsaslanır. Xüsusilə, Xəzər dənizi bölgənin birləşdirici elementi kimi çıxış edir və Azərbaycanın Orta Dəhlizdəki tranzit rolunu gücləndirir, Mərkəzi Asiya ilə inteqrasiyanı asanlaşdırır”.

Bu fikirləri Planetinfo.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, dövlət başçıları arasında qarşılıqlı səfərlər və şəxsi etimad, dostluq əlaqələri də strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır:

“Son bir il yarım ərzində keçirilən dövlət səfərləri, Strateji Tərəfdaşlıq və Müttəfiqlik haqqında Bəyannamə və digər sənədlərin imzalanması ölkələr arasında ikitərəfli və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə və Füzulidə məktəb tikintisi bu həmrəylik nümunəsinin konkret göstəricisidir.

İki ölkə arasında iqtisadi əməkdaşlıq dinamikası da diqqətəlayiqdir. Ticarət dövriyyəsindəki 87,5% artım, Azərbaycan və Özbəkistan arasında sərmayələrin qarşılıqlı şəkildə genişləndirilməsi, yeni birgə müəssisələrin və İnvestisiya Şirkətinin yaradılması iqtisadi əməkdaşlığın gücləndirilməsinə işarə edir. Sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində fəaliyyət göstərən özbək investisiyalı şirkətlər bu əməkdaşlığın praktik nümunələridir”.
Politoloq deyib ki, nəqliyyat və logistika sahəsindəki inteqrasiya, xüsusilə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak, iki ölkənin regional tranzit imkanlarını artırır:

“Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı və Zəngəzur dəhlizi kimi infrastrukturlar Azərbaycanın qlobal nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Hava nəqliyyatı üzrə intensiv reys şəbəkəsi isə həm turizm, həm də biznes əlaqələrinin genişlənməsinə xidmət edir”.

Anar

Xəbər lenti