“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv olması strateji baxımdan çox mühüm addımdır”.
Bunu
Planetinfo.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bu, Azərbaycanın təşkilatla birlikdə həyata keçirəcəyi iqtisadi, nəqliyyat, mədəni və geosiyasi sahələrdə uzunmüddətli layihələrə faydalar gətirə bilər. Politoloq hesab edir ki, artıq Məşvərət Görüşü “Mərkəzi Asiya + Azərbaycan” platformasına çevrilib:
“Bu platforma regional inteqrasiyanı dərinləşdirə, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın geosiyasi, iqtisadi rolunu gücləndirə bilər”.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan yeni status və platformada təmsilçilikdən bir neçə strateji üstünlüklər əldə edə bilər:
“Həmçinin, yeni statusda yeni fəaliyyət istiqamətləri də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Mərkəzi Asiya formatında əsas prioritetlərini — ticarət, nəqliyyat, enerji, təhlükəsizlik, mədəni əməkdaşlıq — prioritet xəritəsində müəyyən etməlidir. Ortaq uzunmüddətli layihələr üçün yol xəritəsi hazırlanmalı, mümkün maliyyə modelləri qurulmalıdır.
Eyni zamanda Mərkəzi Asiya + Azərbaycan formatı üçün daimi sekretariat, koordinasiya ofisi və ya mexanizm yaradılması müzakirə edilməlidir. Paralel olaraq nəqliyyat koridorlarının – Bakı-Tbilisi-Kars, Alat limanı, quru tranzit yolları – daha da inkişaf etdirilməsi vacibdir. Həmçinin, “Rəqəmsal İpək Yolu” (Digital Silk Road) konsepsiyası çərçivəsində əməkdaşlıq genişləndirilə bilər”.
Anar