Siyasət 20-11-2025, 15:45

Ağdamın işğaldan azad edilməsinin həm siyasi, həm də hərbi üstünlükləri vardı




“Azərbaycan Respublikasının 2020-ci il Vətən müharibəsində qazandığı qələbələrdən biri də Ağdam rayonunun işğaldan azad edilməsidir. Bu hadisə təkcə hərbi əməliyyatların nəticəsi deyil, həm də regionda yeni geosiyasi vəziyyətin formalaşması baxımından tarixi dönüş nöqtəsidir. Ağdamın geri qaytarılması dövlətin ərazi bütövlüyünü təmin etmək istiqamətində mühüm addım olmaqla yanaşı, həm siyasi, həm də hərbi müstəvidə çoxsaylı üstünlüklər yaratmışdır”.

Bunu Planetinfo.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Ağdamın işğaldan azad edilməsi ölkənin suverenliyinin tam bərpası baxımından fundamental əhəmiyyət daşıyır:

“Bu, Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarının hüquqi statusunun yenidən praktik reallığa çevrilməsi deməkdir. Dövlət öz sərhədləri üzərində nəzarəti bərpa etməklə beynəlxalq hüququn üstünlüyünü təsdiqləmiş oldu”.
Arzuman Muradlı qeyd edib ki, Ağdamın döyüşsüz təhvil verilməsi Azərbaycanın həm hərbi gücünü, həm də diplomatik çevikliyini nümayiş etdirdi:

“Bu, ölkənin regional proseslərdə söz sahibinə çevrilməsini daha da sürətləndirdi. Hazırkı sülh danışıqlarında Azərbaycanın mövqeyi daha güclüdür. Ağdamın azad olunması eyni zamanda Cənubi Qafqazda yeni siyasi reallığın yaranmasına səbəb oldu. Azərbaycan regionda iqtisadi layihələrin, nəqliyyat dəhlizlərinin və təhlükəsizlik təşəbbüslərinin mərkəzi iştirakçısına çevrildi. Bununla da bölgədə güc balansı Azərbaycan xeyrinə dəyişdi və ölkə daha etibarlı tərəfdaş kimi beynəlxalq diqqət qazandı”.

Anar

Xəbər lenti