“Azərbaycan tarixi zəfərinin 5 illiyi ərəfəsindədir. 5 il əvvəl Azərbaycan tarixi zəfərə imza ataraq 30 il ərzində işğal altında olan torpaqlarının azad etdi, öz ərazi bütövlüyü və suverenliyini tam mənada təmin etmiş oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixinin belə demək mümkünsə dönüş nöqtəsi idi”.
Bu fikirləri
Planetinfo.az-a Milli Məclisin deputatı İlham Məmmədov Vətən Müharibəsinin 5 illiyi və əldə edilən tarixi qələbəyə nəzər salarkən səsləndirib. Millət vəkili qeyd edib ki, Qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, illərlə işğal altında qalan rayon və şəhərləri azad etdi:
“Bu döyüşlərdə xalq və ordu bir amal ətrafında birləşərək yüksək səviyyədə həmrəylik nümayiş etdirdi. Məhz bu birlik sayəsində 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktını imzaladı və məğlubiyyətini yazılı şəkildə ifadə etdi”.
Deputat qeyd edib ki, Azərbaycanın bu tarixi qələbəsi təkcə hərbi sahədə deyil, həm də siyasi, mənəvi və beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edirdi:
“İlk növbədə 30 illik işğal siyasətinə son qoyuldu və torpaqlarımız azad edildi. Azərbaycan təkbaşına beynəlxalq birliyin, dünyanın görə biləcəyi bir işi görmüşdü və onu tamamlamışdı. Ölkəmiz uğurlu hərbi əməliyyatlar və əldə edilən nəticə ilə eyni zamanda BMT Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi qətnamələrin icrasını təmin etmiş oldu. Bu, həm də beynəlxalq hüququn və ədalətin bərpası idi”.
Deputat qeyd edib ki, bu zəfər həm də xalqın milli birliyini və dövlətinə inamını daha da möhkəmləndirdi:
“Xalq öz gücünə, ordusuna və rəhbərliyinə inanaraq, düşmən üzərində tarixi qələbə qazandı”.
İlham Məmmədov onu da deyib ki, Azərbaycan tarixi zəfər imza atmaqla Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşdırdı, təkcə yerlışdiyi coğrafiyada deyil, eyni zamanda dünyada nüfuzunu artırdı:
“Beləliklə, ölkə regional güc mərkəzinə çevrildi. Ən önəmlisi isə bu zəfər mənəvi dirçəlişin rəmzi oldu. Şəhidlərimizin qanı yerdə qalmadı, xalqın illərlə içində daşıdığı ədalət arzusu gerçəkləşdi. Artıq 5 ildir ki, 8 Noyabr – Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik”.
Süleyman