2025-ci il noyabrın 13-də Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Qlobal Cənub QHT Platforması “Qlobal Cənub körpüsü: ədalət və iqlim fəaliyyətinin birləşməsi” adlı yan tədbir keçirib.
Planetinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi Platformanın tərəfdaşı qismində çıxış edib.
Qlobal Cənub QHT Platformasının Katibliyinin təmsilçisi Nədimə Rəhimli bildirib ki, haqlı olaraq hesab edilir ki, dünya əhalisinin 80%-nin yaşadığı – Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi qəbuledilməzdir. Onun sözlərinə görə, haqlı olaraq hesab edilir ki, yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürüdür.
“Qlobal Cənub körpüsü: ədalət və iqlim fəaliyyətinin birləşməsi” adlı yan tədbir iştirakçıları xüsusi vurğulayıb ki, Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Çünki bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğun gəlir. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.
Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) icraçı direktoru Mitika Mvenda Afrika ölkələrinin iqlim dəyişmələri ilə mübarizəsində Qlobal Cənub ölkələri ilə birgə fəaliyyətinin zəruriliyini vurğulayıb. O, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinə bu prosesdə nümayiş etdirdikləri əzmə görə təşəkkür edib. Bildirib ki, COP29-dan dərhal sonra Qlobal Cənub QHT Platformasının Bakıda yaradılması Azərbaycanın geniş radiuslu əlamətdar bir hadisənin episentrinə çevrildiyini nümayiş etdirir.

Mitika Mvenda Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına Azərbaycan Prezidentinin müraciətinin onlarda böyük təəssürat yaratdığını xatırladıb. Müraciətdə deyilirdi ki, Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnib. Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atılıb və ölkəmiz haqlı olaraq Azərbaycan COP29 irsi ilə fəxr edir.
Yan tədbirdə xüsusi vurğulanıb ki, Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Qlobal Cənub QHT Platforması bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında etimad quruculuğu işinə öz töhfələrini verə bilər.
Qlobal Cənub QHT Platformasının Katibliyinin təmsilçisi Amin Məmmədov qeyd edib ki, Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri aydın dərk edir, çünki özü də iqtisadi və siyasi transformasiyadan keçib, hərbi təcavüzlə üzləşib, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa edib. A.Məmmədov xüsusi vurğulayıb ki, Azərbaycan xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, ölkələrin daxili işlərinə qarışmayan, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkə kimi qəbul edilir.
"ZERO13" və "iWise Group"un baş direktoru Linkoln Teo iqlim maliyyəsinin əhəmiyyəti və bu fəaliyyətdə şəffaflığın qorunmasında qeyri-hökumət təşkilatlarının rolunu vurğulayıb. "ActionAid Liberiya" təşkilatının sədri Ezekiel Nyanfor Qlobal Cənub ölkələrində yerli xalqların, xüsusən də gənclərin iqlim fəaliyyəti ilə bağlı təşəbbüslərin əhəmiyyətindən danışıb.
Qlobal Cənub QHT Platformasının Katibliyinin təmsilçisi Fuad Kərimli bildirib ki, iqlim məsələləri şəhərsalma işinə ciddi təsir göstərir. O, 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini xatırladıb.
WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva xarici QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka çağırıb, iştirakçılığın formaları barədə təqdimat edib, QHT-lər üçün yaradılan geniş imkanları izah edib.
Qeyd edək ki, Qlobal Cənub QHT Platforması COP29-un mirası, qalıcı töhfələrindən biridir. 2024-cü ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanıb. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalayıb. 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilib və 2025-ci ilin aprelində 115 ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis edilib.
Nəsimi