“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Türk dünyası üçün strateji, sosial və humanitar əhəmiyyətə malikdir”.
Bunu
Planetinfo.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, TDT-yə üzv ölkələrin QHT-lərin Həmrəylik Forumunun keçirilməsi türk dövlətləri arasında inteqrasiya proseslərinin bir qədər sürətlənməsinə təkan verəcək:
“Vətəndaş cəmiyyəti institutlarının bütün ölkələrdə qabaqcıl mövqeyə malik olduğunu, bu və ya digər proseslərdə hərəkətverici qüvvə rolunu oynadığını nəzərə alsaq, QHT-lərin Türk dünyasının inteqrasiyasında da mühüm missiya həyata keçirə biləcəyini söyləmək olar”.
Susana Məmmədova qeyd edib ki, belə bir foruma Azərbaycanın evsahibliyi etməsi isə xüsusilə əhəmiyyətlidir:
“Son illərdə Azərbaycanın Türk dünyası ilə bağlı məsələlərdə, bu coğrafiyanın daha yaxından inteqrasyasında fəal rol oynadığının, təşəbbüskar dövlət kimi çıxış etdiyinin fərqindəyik. Bu gün işinə başlayan forum da buna əyani sübutdur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun Bakıda keçirilməsi onu deməyə əsas verir ki, Turan ideyası Bakıda gerçəkləşir”.
İctimai birlik sədri hesab edir ki, bu kimi görüşlər, toplantılar türk xalqlarını yaxınlaşdırır, regional həmrəyliyi gücləndirir, ortaq inkişaf gündəmi yaradır:
“Eyni zamanda sosial diplomatiya vasitəsilə inteqrasiyanı dərinləşdirir. Ən əsası türk dünyasını qlobal miqyasda daha güclü və görünən edir.
Bu forum, ümumtürk ideyasının yalnız siyasi deyil, cəmiyyətlər səviyyəsində reallaşan praktiki modelidir”.
Anar