Bu gün Naxçıvanda "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu" keçiriləcək.
Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və xarici qonaqlar iştirak edəcəklər.
Naxçıvanda forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq.
Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.
2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-da bir sıra yerlərlə tanış olacaq. Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.
Nəsimi