İspaniyanın “Grupo Cox” şirkətinin rəhbəri Enrike Rikelme “Real Madrid”in prezidentliyi uğrunda yarışda iştirak etmək üçün lazımi depoziti artıq təmin etdiyini təsdiqləyib.
“Vozpopoli” portalının məlumatına görə,
müqavilə ümumilikdə 187 milyon avro dəyərində maliyyə zəmanətləri ilə bağlıdır. Rikelme bildirib ki, onun namizədliyi ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.
“Artıq lazımi depozitimiz var. İki və ya üç gün ərzində iştirak edib-etməyəcəyimizə qərar verəcəyik”, – deyə o, Madriddə keçirilən xeyriyyə tədbirində çıxış edərkən bildirib.
“Əgər seçkilərə getsək, bu, yalnız yeni “Real” üçün növbəti 10-20 il ərzində həqiqətən vacib və iddialı bir şey üçün olacaq”, – Rikelme əlavə edib.
Namizədlik müddəti 23 mayda başa çatır. Əgər hazırkı komanda prezidenti Florentino Peresdən əlavə başqa bir namizəd ortaya çıxarsa, səsvermə 7 iyunda keçirilə bilər.
Rikelme əvvəllər seçki prosesinin vaxtını tənqid etmiş, alternativ kampaniyaya tam hazırlıq üçün çox qısa hesab etmişdi.