Gündəm / Siyasət / Dünya Bugün, 18:45

“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı


“Hizbullah”ın tərksilah edilməsi yalnız İsrail qoşunlarının Livandan çıxarılmasından, bütün ölkənin milli ordunun nəzarətinə verilməsindən və dövlətin yenidənqurma proqramının başlamasından sonra mümkündür.

Livan prezidenti Cozef Aun bunu Vaşinqtonda keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, belə şəraitin yaradılması tərksilah prosesinin həyata keçirilməsinə imkan verəcək, ölkənin yenidən qurulması isə yalnız dövlət tərəfindən həyata keçirilməlidir.

Aun Livanın təhlükəsizliyinin yalnız bütün vətəndaşların müdafiəsini təmin edən vahid orduya malik vahid dövlətin mövcudluğu ilə mümkün olduğunu vurğulayıb. O, həmçinin Livan dövlətçilik modelinin təkcə ölkənin özü üçün deyil, həm də bütün regionun sabitliyi üçün vacib olduğunu bildirib.

Prezident və onu müşayiət edən nümayəndə heyətinin şərəfinə keçirilən qəbulda Livanın ABŞ-dakı səfiri Nada Hamada Mouavad qeyd edib ki, səfər Beyrut və Vaşinqton arasında tarixi əlaqələri gücləndirməklə yanaşı, Livanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin bərpası səylərini dəstəkləmək məqsədi daşıyır.

Bir gün əvvəl ABŞ prezidenti Donald Trampla görüşdə Aun əsas məqsədin Livan və İsrail arasındakı düşmənçiliyə son qoymaq olduğunu bildirib və Vaşinqtonu Livan ordusuna dəstəyi artırmağa çağırıb.

Xəbər lenti