İran və Ermənistan energetika sahəsində ixtisaslaşmış işçi qrupu yaratmağı planlaşdırır.
Bu barədə "Mehr" məlumat yayıb.
Məlumata görə, bu işçi qrupunun fəaliyyət istiqamətlərindən biri qaz ticarəti məsələsinin həlli olacaq.
Bu razılaşma İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyanın Tehranda keçirilən görüşünün yekunları üzrə əldə olunub.
Qeyd olunub ki, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, neft emalı zavodunun (NEZ) tikintisi və Ermənistana neft məhsullarının tədarükü daxil olmaqla, energetika sahəsində geniş spektrli layihələri nəzərdən keçiriblər.
M.Paknejad həmçinin vurğulayıb ki, Tehran və İrəvan birgə ixtisaslaşmış işçi qrupunun yaradılması barədə razılığa gəliblər və növbəti ikitərəfli danışıqlar raundunda konkret nəticələri qiymətləndirə bilmək üçün onun fəaliyyətinə ən qısa zamanda başlamağı təklif ediblər.
İranın neft naziri qeyd edib ki, iki ölkənin energetika sahəsindəki mövcud tərəfdaşlığı indiyədək "elektrik enerjisi müqabilində qaz" sxeminə əsaslanırdı. Lakin o əlavə edib ki, İran təbii qaz ixracının genişləndirilməsinə yönəlmiş yeni kommersiya modeli təklif edib.