Gündəm Bugün, 18:11

Çimərlikdən sonra bu səhvi etməyin - Dərinizi sürətlə qocaldır



Yayda çimərlikdə uzun müddət qaldıqdan sonra təkcə günəş kremi istifadə etmək kifayət etmir. Həkim-kosmetoloqlar bildirirlər ki, dərinin sağlamlığını qorumaq üçün həm orqanizmdə su-mineral balansını bərpa etmək, həm də dəriyə düzgün qulluq etmək vacibdir.

Kosmetoloq Aleksandra Kamışnikovanın sözlərinə görə, ilk növbədə orqanizmdə su çatışmazlığı aradan qaldırılmalıdır. Bunun üçün bol su içmək, həmçinin qazsız müalicəvi süfrə sularından, təbii meyvə morslarından və kompotlardan istifadə etmək tövsiyə olunur.

Mütəxəssis qidalanmada mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməsini məsləhət görür. Xüsusilə ərik kalium və maqnezium baxımından zəngindir.

Dərinin bərpası və kollagen sintezi üçün C vitamini ilə zəngin qidalar (itburnu, bolqar bibəri, cəfəri, sitrus meyvələri), maqnezium və kalium mənbələri (qarabaşaq, qoz-fındıq, banan, ispanaq, avokado), sink (mal əti, dəniz məhsulları, noxud) və selen (günəbaxan tumu, zeytun yağı, dəniz yosunu, püstə) rasiona daxil edilməlidir.

Yay aylarında dəriyə qulluq vasitələri də dəyişdirilməlidir. Turşular, skrablar və retinollu məhsullar minimuma endirilməli, əvəzində hialuron turşusu, keramidlər, C və E vitaminləri ilə zəngin yüngül teksturalı gel, serum və flüidlərdən istifadə olunmalıdır.

Axşam saatlarında isə mis peptidləri, sink və maqnezium tərkibli vasitələr, həmçinin pantenol, keramidlər və niasinamid dərinin bərpasını sürətləndirə bilər.

Həkimlər termal suyun istifadəsi ilə bağlı da xəbərdarlıq edirlər. Birbaşa günəş altında üzə püskürdülən termal su damcıları kiçik linza effekti yaradaraq ultrabənövşəyi şüaların təsirini artıra bilər. Buna görə də sprey vurulduqdan 15-20 saniyə sonra üz salfetlə qurulanmalıdır.

Kosmetoloq Anastasiya Pantus əlavə edib ki, günəş yanıqları olmasa belə, ultrabənövşəyi şüaların gündəlik təsiri dəridə xroniki mikroiltihab yaradır. Bu proses zamanla kollagen, elastin və hialuron turşusunun parçalanmasını sürətləndirərək fotoyaşlanmanı gücləndirir.

Mütəxəssislər günəşdən qorunmaq üçün geniş spektrli qoruma təmin edən, üzərində "Broad Spectrum" və ya dairə içində "UVA" işarəsi olan günəş kremlərinin seçilməsini tövsiyə edirlər.

Xəbər lenti