ABŞ administrasiyası İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan "Patriot" raketlərinin və digər sursatların ehtiyatının azalacağı ilə bağlı narahatlıqlara görə təxirə salıb.
Bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Bred Kuper 10-14 gün davam edəcək bir neçə hərbi əməliyyat ssenarisi hazırlayıb. Lakin ABŞ prezidenti Donald Tramp cümə günü çıxışında diplomatik həll variantına üstünlük verdiyini qeyd edib.
Pentaqonda hesab edirlər ki, İrana qarşı genişmiqyaslı zərbələr "Patriot" raketlərinin və digər hava hücumundan müdafiə vasitələrinin ehtiyatını daha da azalda bilər. Bu isə İran tərəfindən mümkün təhlükələrin davam etdiyi şəraitdə ciddi risk hesab olunur.
Bu arada Fars körfəzi ölkələri diplomatik fəallığı artırıb. Oman və Qətər Vaşinqtonla Tehran arasında danışıqların bərpası üçün vasitəçilik edir.
Ağ Ev məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. ABŞ hərbçiləri isə Hörmüz boğazındakı vəziyyəti diqqətlə izləməyə davam edirlər.