Gündəm Bugün, 16:15

Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?



Ambulator şəraitdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin ediləcəyi xəbəri cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki bu yeniliyin vətəndaşların dərman xərclərini azaldacağı və müalicəyə əlçatanlığı artıracağı gözlənilirdi. Lakin indiyədək bu mexanizmin praktik tətbiqi geniş şəkildə hiss olunmur və vətəndaşlar onun nə vaxt tam şəkildə həyata keçiriləcəyini səbirsizliklə gözləyirlər.

Mütəxəssislərin fikrincə, xüsusilə xroniki, onkoloji, kardioloji xəstəliklər zamanı dərman xərclərinin qarşılanması həm müalicənin davamlılığının təmin edilməsi, həm də vətəndaşların maliyyə yükünün azaldılması baxımından mühüm əhəmiyyət daşıya bilər.

Hazırda isə bu prosesin hansı mərhələdə olduğu, hansı dərmanların paketə daxil ediləcəyi və tətbiq mexanizminin necə qurulacağı gündəmdə olan əsas məsələlərdən biri kimi qalmaqdadır.

İctimaiyyəti narahat edən məsələyə aydınlıq gətirməyə çalışarkən hələ prosesin müəyyən qədər vaxt aparacağını öyrəndik.

İnstitusional və texniki hazırlıq tələb edən mürəkkəb islahat

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən sorğumuza cavab olaraq bildirdilər ki, ambulator dərman təminatı sisteminin tətbiqi genişmiqyaslı institusional və texniki hazırlıq tələb edən mürəkkəb islahatdır. Buna görə də sistem yalnız bütün zəruri mexanizmlər tam hazır olduqdan sonra tətbiq edilə bilər: “Hazırda bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə mexanizmlərinin hazırlanması, elektron resept sisteminin təkmilləşdirilməsi, eləcə də müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiyası istiqamətində işlər aparılır. Eyni zamanda, kompensasiya olunacaq dərman vasitələrinin müəyyən edilməsi, klinik və farmakoiqtisadi qiymətləndirmə metodologiyasının tətbiqi, pozitiv siyahısının hazırlanması və müqaviləli aptek şəbəkəsinin formalaşdırılması üzərində işlər davam etdirilir. Sistemin tətbiqi bu hazırlıq tədbirlərinin tamamlanmasından və müvafiq normativ sənədlərin təsdiqindən sonra mərhələli şəkildə həyata keçiriləcək”.

Türkiyə, Cənubi Koreya və Avropa ölkələrinin təcrübəsi öyrənilir

Qurumdan verilən məlumata görə, ilkin mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi və üçüncü mərhələdə tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub: “Xəstəliklərin seçimi beynəlxalq təcrübə, xəstəlik yükü, əhalinin ehtiyacları, klinik effektivlik və iqtisadi səmərəlilik meyarları əsasında aparılıb. Prioritet olaraq geniş yayılmış xroniki xəstəliklərin, o cümlədən arterial hipertenziya, bronxial astma, mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri və digər sosial əhəmiyyətli xəstəliklərin müalicəsində istifadə olunan, sübutlara əsaslanan və yüksək klinik faydaya malik dərman vasitələrinin sistemə daxil edilməsi nəzərdə tutulub”. Ambulator dərman təminatı sahəsində bir sıra ölkələrin, xüsusilə Türkiyə, Estoniya, Litva, Polşa, Cənubi Koreya və digər Avropa ölkələrinin təcrübəsi öyrənilir: “Bu ölkələrdə tətbiq olunan pozitiv dərman siyahısı, elektron resept, kompensasiya mexanizmləri və farmakoiqtisadi qiymətləndirmə modelləri təhlil edilib. Azərbaycanda isə ölkənin səhiyyə sistemi, mövcud qanunvericilik, maliyyə imkanları və rəqəmsal infrastruktur nəzərə alınmaqla milli modelin formalaşdırılması planlaşdırılıb. Məqsəd beynəlxalq təcrübənin uğurlu elementlərini yerli şəraitə uyğunlaşdıraraq dayanıqlı və səmərəli ambulator dərman təminatı sisteminin yaradılmasıdır”. Agentlikdən bildirildi ki, hazırda əsas diqqət normativ-hüquqi bazanın tamamlanmasına, maliyyə dayanıqlığının təmin edilməsinə, elektron resept və digər informasiya sistemlərinin tam inteqrasiyasına, dərman vasitələrinin qiymətləndirilməsi və pozitiv siyahının formalaşdırılmasına, eləcə də müqaviləli aptek şəbəkəsinin yaradılmasına yönəldilib: “Bu hazırlıq tədbirlərinin məqsədi vətəndaşlar üçün şəffaf, dayanıqlı və səmərəli ambulator dərman təminatı sisteminin qurulmasını təmin etməkdir. Tətbiq tarixi ilə bağlı qərar bütün hazırlıq işləri yekunlaşdıqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən elan ediləcək”.

İslahatın reallaşması elektron reseptlərin tətbiqi ilə sıx bağlıdır

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirir ki, qanuna əsasən, sığorta çərçivəsində qarşılanacaq dərman vasitələrini müəyyən edən pozitiv siyahı hazırlanmalı, siyahı təsdiqləndikdən sonra həmin dərmanların vətəndaşlara təqdim edilməsi üçün apteklərlə müqavilələrin bağlanması planlaşdırılmalı idi: “Bu yenilik vətəndaşların dərman xərclərinin azalmasına, müalicəyə əlçatanlığın artmasına və müalicənin fasiləsiz davam etdirilməsinə mühüm töhfə verəcək. Hər bir elektron səhiyyə islahatının tətbiqi müəyyən zaman alır. İlk növbədə, dərmanla təmin ediləcək şəxslər barədə “data”nın olması olduqca vacibdir. Əhalinin siyahısı, təxmini xəstələnmə səviyyəsi bu təminata ayrılacaq büdcənin və xərclərin proqnozlaşdırılmasına imkan verəcək. Bu, həm də mövcud resurslardan, kadrların uyğunlaşmasından və müəssisələrin bu prosesə hazırlığından çox asılıdır. Sərəncamdan irəli gələrək qəbul edilən qaydalar ötən ilin sonlarında təsdiqlənib. Aydındır ki, ölkə üzrə bunu təşkil etmək müəyyən zaman alır. Bu, islahatın reallaşması ölkə üzrə elektron reseptlərin tam tətbiqi ilə sıx bağlıdır. Bu sistem adətən mərkəzləşdirilmiş səhiyyə platformaları vasitəsilə işləyir. Dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün elektron resept sisteminə tam keçid qaçılmazdır. Azərbaycanda elektron resept sisteminə keçid prosesi davam etsə də, bu proses hələ ki bütün sahələri tam əhatə etmir. Elektron reseptlər səhiyyədə təhlükəsizliyi, sürəti və şəffaflığı artıran mühüm yenilikdir. Onlar həm xəstələrin həyatını asanlaşdırır, həm də tibbi xidmətlərin keyfiyyətini yüksəldir. Gələcəkdə bu sistemlərin daha geniş tətbiqi səhiyyənin daha effektiv və müasir olmasına böyük töhfə verəcək”.

İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri dərmanları

Xidmətlər zərfinə hansı dərmanların daxil edilməsinə gəlincə, millət vəkilinin sözlərinə görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək: “İlk mərhələdə ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələrinin, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün təyin edilən dərmanların icbari tibbi sığorta hesabına təmin olunması nəzərdə tutulur. Yəni, Dövlət Statistika Komitəsinin ölkədə xəstələnmə halları üzrə statistikasına baxsaq, ən çox xəstələnmə halları müşahidə olunan xəstəliklər üçün ambulator dərman təminatı faydalı olar, xəstələnmə səviyyəsi düzgün profilaktika ilə aşağı düşər, səhiyyə xərcləri azalar və iqtisadiyyata da öz müsbət təsirini göstərər”.




Millət vəkili bildirir ki, əlilliyi olan şəxslərin, orqan transplantasiyası keçirmiş şəxslərin, cırtdanboyluq, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, vərəm, dağınıq skleroz, ixtioz, bullyoz epidermoliz, kistoz fibroz və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin dərman preparatları müvafiq dövlət proqramları çərçivəsində tam dövlət təminatı hesabına qarşılanır.

Xəstələr o dərmanları qəbul etməsələr...

Professor Adil Qeybulla bildirir ki, müəyyən adda həm bahalı, həm çətin tapılan dərmanlar var ki, bəzi xəstələrə - autoimmun, onkoloji, orqan nəqli keçirmiş xəstələrə pulsuz verilməlidir: “Bu təminat elə təşkil olunmalıdır ki, regionlarda da bu məsələlərdə problem yaranmasın. Təəssüf ki, son vaxtlar müxtəlif problemlərlə üzləşirik. Əgər orqan nəqli keçirmiş xəstə o dərmanı almasa, əməliyyat uğursuz olacaq. O orqan da elə belə deyil - onu yaxın adamı verib. Nəticədə həm yaxın adam orqanından məhrum olacaq, həm də xəstənin əməliyyatı uğursuz alınacaq”. Professor hesab edir ki, bu məsələlərə məsuliyyətlə yanaşılmalıdır: “Xəstələrin mütəmadi qəbul etməli olduğu dərman preparatları ki, var onları qəbul etməsələr, həyatları bahasına başa gələ, ağırlaşmalar ola bilər. Bu məsələdə işin təşkilində yol verilən nöqsan birbaşa xəstəxanalara və onlara rəhbərlik edən qurumlara aiddir və onlar buna görə məsuliyyət daşıyırlar”.

Prosesə dövlətin müdaxiləsi

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, pozitiv siyahı - kimyəvi tərkibli dərman preparatlarının ən ucuzunun icbari tibbi sığorta tərəfindən qarşılanmasını həfəfləyir: “Xəstə ilə aptek arasında müəyyən məsələlər ortaya çıxa bilər: məsələn, xəstə patentləşdirilmiş - beynəlxalq adı eyni olan dərman preparatlarının ucuz variantını yox, bazarda daha baha və keyfiyyətli olanını istəyir. Bu zaman onun baha olan hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanmayacaq. Xidmətlər paketi zərfi bunu tənzimləmir. Əslində başa düşüləndir. Kardioloji, diabetdən əziyyət çəkən xəstələrin dərmanla təminatının operativliyi təmin olunsa çox yaxşı olar. Sözsüz ki, bu da təchizatla bağlıdır. Bu proseslər özəl şirkətlər tərəfindən həyata keçirildiyinə görə, bəzi dərman preparatlarının ölkəyə gəlişində fasilələr yaranır. Hesab edirəm ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yanında dövlətin maliyyələşməsi əsasında dərman preparatlarının fasiləsiz təchizatını təmin edən bir qurum təsis olunmalıdır ki, prosesi özəl şirkətlərin asılılığından azad etsinlər. Gecikmələr məhz bununla bağlıdır. Bu prosesə dövlətin müdaxiləsi mütləq lazımdır”. Ekspert bildirir ki, qanuna görə, ambulator xəstələrin təchizatı ilə bağlı müqavilə sənədi var: “Bu sənəd əsasında yerli icra hakimiyyəti qurumları ilə apteklər tərəfindən müqavilələr bağlanır. Müqavilələrə əsasən, artıq icbari tibbi sığorta üzrə daxil olan və sığorta həcmi qarşılanan reseptlərin pulsuz buraxılışına imkanlar yaradılır. Əgər bu müqavilə yoxdursa, müəssisə buna getmir. 2026-cı ildə bu, hələ geniş vüsət almayıb. Ambulator xəstələrin reseptlərinin qarşılanması halları müşahidə olunmur”. ("Kaspi" qəzeti)

Xəbər lenti