Görkəmli Azərbaycan şairi, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əli oğlu Əliyev vəfat edib.
Şairin vəfatı barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid təsdiqləyib.
Qeyd edək ki, Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzulidə anadan olub. Əmək fəaliyyəti dövründə "Gənclik" və Azərbaycan Dövlət nəşriyyatlarında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində idarə rəisi vəzifələrində çalışıb. Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından olan sənətkar 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub. Mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb, eləcə də Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib.