Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif qüvvələrin yeni ədliyyə naziri Akın Gürlekin andiçmə mərasimində parlament tribunasını ələ keçirməsini quldurluq adlandırıb.
Planetinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ankarada sədri olduğu Ədalət və İnkişaf Partiyasının regional şöbə rəhbərləri ilə görüşdə danışıb.
“Nazirlərimizin and içməsinin qarşısını almaq üçün onlar xalqın tribunasını ələ keçirmək də daxil olmaqla, bütün mümkün quldurluq formalarından istifadə etdilər. Mən müxalifətin siyasi quruma etimadı sarsıdan, parlamentin nüfuzuna xələl gətirən və xalqımızı təhqir edən hücumlarını qınayır və rədd edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Ərdoğan iki gün öncə Daxili İşlər və Ədliyyə nazirliklərinin yeni nazirlərini təyin edən fərman imzalayıb.
Konstitusiyaya əsasən, onlar vəzifələrini icra etməyə başlamazdan əvvəl parlamentdə and içməlidirlər.
Yeni nazirin andiçməsi zamanı Xalq İnqilab Partiyasının (XİP) nümayəndələri nazirin and içəcəyi kürsünü mühasirəyə alıblar. Daha sonra dava düşüb və nəticədə hakim partiyanın deputatının burnu sınıb. O, xəstəxanaya aparılıb.