İqtisadiyyat 29-01-2026, 15:59

Dövlət maliyyəsinin idarə olunmasında qaydalar dəyişə bilər



"Kənar maneələr və təzyiqlər olmazsa, bu sənəd, daha doğrusu bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər".

Planetinfo.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin təsdiq olunmasını şərh edərkən deyib. O bildirib ki, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və s. vahid rəqəmsal platformada toplanır:

"Sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır. Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur.

Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır.

Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir".

İqtisadçının sözlərinə görə, məsələnin ən vacib tərəfi isə budur ki, Əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir:

"Kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər. Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var".

Anar

Xəbər lenti