Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndələri çoxtərəfli ticarət-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üçün 2026-2030-cu illər üçün fəaliyyət planı barədə razılığa gəliblər.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə ŞƏT Katibliyinin açıqlamasında deyilir.
Bildirilir ki, Rusiya tərəfinin sədrliyi ilə videokonfrans vasitəsilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 2026-2030-cu illər üçün Çoxtərəfli Ticarət və İqtisadi Əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Fəaliyyət Planı layihəsinin təsdiqlənməsi üzrə ekspert qrupunun iclası keçirilib.
Tədbir zamanı səlahiyyətli nümayəndələrin 18 noyabr 2025-ci il tarixində Moskvada keçirilən ŞƏT üzv dövlətlərinin Hökumət Başçıları Şurasının iclasından sonra imzalanmaq üçün təqdim edilən sənədlər siyahısına daxil edilmiş planın mətni ilə bağlı razılığa gəldikləri qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi ŞƏT üzv dövlətlərinin Hökumət Başçıları Şurasının iclasının 17-18 noyabr tarixlərində Moskvada Rusiyanın sədrliyi ilə keçiriləcəyini bildirmişdi.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun tərkibinə Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Təşkilatın tərəfdaş ölkələri Əfqanıstan, Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Laos, Maldiv adaları, Monqolustan, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lankadır.
Süleyman