1-2 dekabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi “Açıq qapı” günləri keçirilib. Bu günlərdə kitabxananı ziyarət edənlərin sırasında 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri, həmçinin kollecin müəllimi Esmira Babayeva da olub. Ekskursiyanın məqsədi gənclərin elm, informasiya resursları və kitabxana ənənələri barədə məlumatlandırılması, onların araşdırma bacarıqlarının inkişafına dəstək göstərmək və kitabxananın fəaliyyətini daha yaxından tanıtmaq olub.
Öncə ziyarətçilərə kitabxananın fəaliyyəti, zəngin kitab fondu, nadir nəşrlər toplusu, elektron resurslar, rəqəmsallaşdırma prosesi və müasir kitabxana-informasiya xidmətləri barədə geniş məlumat verilib, eləcə də ziyarətçilər kitabxananın sərgi salonunda nümayiş etdirilən tematik sərgilərə baxış keçiriblər.
Daha sonra tələbələr AMEA-nın 15 təsisçisinin büstlərini ziyarət edib, onların Azərbaycan elminə verdiyi töhfələr haqqında məlumat alıblar. 44 günlük Vətən müharibəsindən sonra MEK-də fəaliyyətə başlayan Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar fondu, o cümlədən Akademiklər elektron zalı, Diplomatik fondu ilə tanışlıq olub. Bu fondlarda saxlanılan sənədlərin elmi, tarixi və mədəni əhəmiyyəti qonaqlar tərəfindən maraqla qarşılanıb.
Sonda ekskursiya iştirakçıları MEK-də elmi araşdırmalar üçün yaradılan geniş imkanlarla tanış olaraq kitabxana rəhbərliyinə və əməkdaşlarına göstərilən qonaqpərvərlik üçün təşəkkür ediblər.